Fikrət Quliyev
Yeni Suraxanı bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasındakı şəraitlə tanışlığı və oradan olan ziyalılarla görüşü xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı illər öncə öz ad gününü məcburi köçkünlərlə birgə keçirərkən, bir gün doğma yurdlarımıza qayıdacağıq demişdi, dediyinə də yüksək səviyyədə əməl etdi. Əsrlər boyu hissə-hissə Azərbaycandan qoparılan torpaqlarımızın geriyə dönüşünün mərhələsinə - torpaqlarımızın və vətəndaşlarımızın geriyə qayıdışı başlandı.
Xüsusi əhəmiyyət kəsb edən bu görüşdə Azərbaycanın milli və dövlətçilik maraqlarının müdafiəsinin qətiyyətlə davam etdiriləcəyini vurğulayan cənab Prezident İlham Əliyev sözügedən görüşdəki çıxışı ilə SSRİ-nin süqutu illərində Qərbi Azərbaycandan zorla qovulan soydaşlarımızın hüquqlarının pozulmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq dedi ki, Ermənistanda o vaxt 170-dən çox kənddə ancaq azərbaycanlılar yaşayırdılar. Eyni zamanda, 90-a yaxın kənddə azərbaycanlılar əksəriyyəti, bütövlükdə isə 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar.
Cənab Prezidentin Qərbi Azərbaycandan olan ziyalılarla görüşü qədim torpaqlarımıza dönüşümüzün ilkin işartılarıdır. Görüş zamanı Qərbi Azərbaycandan vətəndaşlarımızın deportasiyasından danışan cənab Prezident bu prosesin Ümummilli Lider Heydər Əliyevin hələ sovetlər dönəmində rəhbərliyindən uzaqlaşmasından sonra başladığını bildirərək qeyd etdi ki, Ulu Öndərin sovet rəhbərliyində təmsil olunduğu vaxtlarda səslərini qaldıra bilməyən nankor ermənilərin dahi şəxsiyyət Heydər Əliyevin vəzifədən gedəndən sonra iç üzləri açıldı. Bu hadisədən iki həftə keçməmiş erməni millətçiləri səslərini qaldırdılar və o vaxtkı Ermənistanda xalqımıza qarşı növbəti cinayət başlandı. Deportasiya nəticəsində azərbaycanlılar tarixi torpaqları Zəngəzur, Göyçə, İrəvan vilayətlərindən zorla çıxarıldı.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev babasının məzarını ziyarət etməyindən bəhs edərkən, qeyd etdi ki, mən babamı görməmişəm, o, həyatdan gedəndə mən hələ doğulmamışdım. Amma bildiyiniz kimi, o, Zəngəzurda doğulmuşdur, erməni etnik təmizləmə siyasətinin də qurbanı olmuşdur, onun ailəsi məcburən oradan köçüb Şahbuza, ondan sonra Naxçıvanda yerləşmişdir. Orada babamın məzarı önündə ürəyimdə dediyim sözləri ola bilsin ki, nə vaxtsa dilə gətirəcəyəm, - deməsi Qərbi Azərbaycandan olan sirdaşlarımızın tezliklə tarixi torpaqlarımıza qayıdacaqlarına böyük ümid verir.
Bu görüşdə diqqət çəkən məqamlardan biri də ermənilər tərəfindən törədilən cinayətlərin beynəlxalq ictimaiyyətə çatdırılması ilə bağlı oldu. Dövlət başçısı informasiya mübarizəsinin əhəmiyyətindən bəhs edərkən Vətən müharibəsində olduğu kimi, tarixi torpağımız Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılmasını ən önəmli vəzifə kimi qarşıya qoydu və Qərbi Azərbaycan İcmasının fəaliyyətinin respublikamızdan kənarda da gücləndirilməsini, Azərbaycanın diaspor təşkilatları ilə birgə fəaliyyət həyata keçirilməsinin zəruriliyini ziyalıların diqqətinə çatdırdı.
Azərbaycan Respublikasının Prezidenti dünya ictimaiyyətinin diqqətini bəzi xarici qüvvələr tərəfindən himayə görən erməni xalqının istər işğal illərində Azərbaycanda, istərsə də Qərbi Azərbaycanda törətdiyi cinayətlərə - məscidlərin, qəbirlərin, tarixi abidələrin dağıtmalarına yönəltdi və bu cinayətləri dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların görməzdən gəldiklərinidən danışaraq, indiki Ermənistan ərazisində ermənilər tərəfindən maddi-mədəni irsimizə qarşı törədilmiş cinayətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmağı Qərbi Azərbaycan İcmasının qarşısında bir vəzifə qoydu. Həmçinin Ali Baş Komandan bu görüşdə Xankəndi-Laçın yolunda təşkil edilən aksiyadan söz açarkən ictimaiyyət nümayəndələrinin tələblərinin haqlı, təbii sərvətlərimizin istismarının qəbuledilməz olduğunu vurğuladı.
Cənab Prezident İlham Əliyevin tədbirdə söylədiyi fikirlər ideoloji xəritə kimi hər bir vətəndaşın qarşısına ciddi məsuliyyət qoyur. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün çətinlikləri dəf edərək Qarabağı azad etdiyimiz kimi, indi hər birimiz Bütöv Azərbaycan naminə fəal olmalı və şüurlu surətdə tarixi ədaləti bərpa etməliyik.
Bir vaxtlar Qarabağımızın azad edilməsi də bir çoxuna, xülya kimi görünsə də, həqiqətə çevrildi, İnanırıq ki, növbəti məqsədimizə də uzaqgörən siyasətçi, müzəffər Ordumuzun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə çatacağıq.
Yolumuz Qərbi Azərbaycanadır!