Azərbaycan tarixinə qızıl hərflərlə yazılan daha bir gündə 2020-ci il dekabrın 1-də Laçın rayonu işğaldan azad olundu
Nizami Eminov
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 85 nömrəli tam orta məktəbin direktor müavini
Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan, qətiyyətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin döyüş hazırlığı, mənəvi-psixoloji ruhu, bölmələrimizin yüksək peşəkarlığı sayəsində Ermənistan ordusu darmadağın edildi. Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi qısa müddətdə dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi, Qarabağ işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, işğalçı ölkə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Beləliklə, Azərbaycan 2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsini hərbi-siyasi yolla 44 günə bitirdi.
Azərbaycan tarixinə qızıl hərflərlə yazılan daha bir gündə 2020-ci il dekabrın 1-də Laçın rayonu işğaldan azad olundu. Bu, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli ordumuzun 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında qazandığı qələbinin davamı idi. Prezident İlham Əliyev həmin gün xalqımıza müraciət edərək bildirdi ki, Laçın rayonunun işğaldan azad olunması tarixi hadisədir: “Özü də bir güllə atmadan biz Laçın rayonunu qaytardıq. Düşməni buna məcbur etdik. Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz-Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq. Laçın rayonunun Azərbaycanın gələcək iqtisadi inkişaf işlərində mühüm rolu olacaqdır.
İlk növbədə, biz Laçına laçınlıları qaytaracağıq. Əziz laçınlıları bu gözəl hadisə münasibətilə ürəkdən təbrik edirəm, gözaydınlığı verirəm. Laçın işğal olunanda bu rayonda təqribən 50 mindən bir qədər çox əhali yaşayırdı. İndi Laçın rayonunun əhalisi 80 min nəfərə çatıb. Əlbəttə ki, laçınlıları qısa müddət ərzində Laçına qaytarmaq bizim əsas vəzifələrimizdən biri olacaqdır”
Hazırda Laçın rayonunda mühüm infrastruktur layihələri reallaşdırılır. Dövlətimizin başçısına Laçın rayonunda “Həkəriçay” su anbarı layihəsi təqdim edilib. Prezident İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə də tanış olub. Artıq generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyasını işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.
Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən Kəlbəcər-Laçın avtomobil yolunun uzunluğu 72,8 kilometrdir. Birinci və ikinci texniki dərəcəyə uyğun tikiləcək yolun hərəkət hissəsinin eni 9-16 metr olacaq. İki və dörd hərəkət zolaqlı olacaq yol üzərində altkeçidlər və körpü inşa olunacaq. Yol üzərində 3 tunelin tikintisi aparılacaq. Tunellərin ümumi uzunluğu 9450 metr olacaq.
Bəli, Prezidentimizin rəhbərliyi ilə Qarabağımızın qala qapısı sayılan dağlar diyarı Laçın qısa müddətdə öz əvvəlki şöhrətini bərpa edəcək, onun hər qarışında həyat yenidən canlanacaq, laçınlılar tezliklə öz doğma yurd-yuvalarına qayıdacaqlar. Dosta güvən, düşmənə göz dağı olan Laçın, azadlığın qədim-qayım olsun.
Azərbaycan Prezidenti torpaqlarımızı işğaldan azad edərək tarix yazan şanlı və qalib Ordunun Müzəffər Ali Baş Komandanı kimi çıxışında Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi, hazırkı hərbi-siyasi vəziyyəti dəqiq qiymətləndirib, Ermənistana, onun havadarlarına ünvanlanmış açıq və konkret mesajlar verib: “Bir daha aydın oldu ki, siyasi və hərbi-strateji şərait tam Azərbaycanın nəzarətindədir. Öz milli gücü vasitəsilə ərazi bütövlüyünü bərpa edən və hazırda bütün şərtləri diktə edən Azərbaycan istənilən təxribat cəhdinin qarşısını almaq, revanşizm təfəkkürü ilə yaşayan erməni faşizminin başını əzmək iqtidarındadır”