Azərbaycan sülhməramlıları NATO əsgərləri ilə çiyin-çiyinə ən riskli bölgələrdə xidmət keçib

Azərbaycan sülhməramlıları NATO əsgərləri ilə çiyin-çiyinə ən riskli bölgələrdə xidmət keçib
Mehriban Əsgərova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu Hövsan bələdiyyəsinin əməkdaşı

Məlum olduğu kimi, martın 17-də NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycana səfər edib, dövlət başçısı cənab İlham Əliyevlə görüşüb. Görüş zamanı Nato və Azərbaycan arasında qarşılıqlı əlaqələrin keçmişi və bundan sonrakı əlaqələrin dahada gücləndirilməsi ətrafında geniş söhbət aparıldı.

Azərbaycan Respublikası ilə NATO arasındakı əməkdaşlığın ilk təzahürləri 1992–1993-cü illərə təsadüf etsə də, bu əməkdaşlığın müasir beynəlxalq hüquq normaları çərçivəsində rəsmi nizama salınmasına isə 1994-cü il 4 may tarixindən başlanılmışdır. Xalqın istəyi ilə Azərbaycanda ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev Şimali Atlantika Alyansı ilə əlaqələrin dərinləşdirilməsini özünün xarici siyasət kursunun mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdi.

Alyansın beynəlxalq təhlükəsizliyini nizama salan münasibətlər sistemindəki yerini və nüfuzunu nəzərə alan Heydər Əliyev Azərbaycan Respublikasının NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” Proqramına qoşulması üçün 1994-cü il mayın 4-də Belçika Krallığının Brüssel şəhərində NATO-nun Çərçivə Sazişini imzalamaqla Azərbaycan–NATO münasibətlərinin müasir beynəlxalq hüquqi müstəvidə əsasını qoymuş oldu.

Bu uzun illərdə, cənab Prezident İlham Əliyevin də dediyi kimi, ölkəmizin NATO ilə tərəfdaşlığı müsbət olub, Azərbaycan Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak edib, hərbçilərimiz NATO üzvü olan ölkələrin əsgərləri ilə çiyin-çiyinə ən riskli bölgələrdə xidmət keçib. Bu, bizim üçün böyük təcrübə olub. 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr Azərbaycanın hərbi qulluqçuları olublar. Bu isə ölkəmizin NATO ilə əməkdaşlığa sadiqliyini bir daha nümayiş etdirir.

Yens Stoltenberqin ölkəmizə səfəri çərçivəsində diqqət çəkən daha bir məqam, NATO ilə təhlükəsizlik sahəsində tərəfdaşlığın daha da genişlənərək enerji təhlükəsizliyini də əhatələməyə başlamasıdır.Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir”.

Dövlətimizin başçısı haqlı olaraq bu situasiyanı “həm böyük üstünlük, həm də böyük məsuliyyət” kimi dəyərlənirsə də, özlüyündə cari reallıq həm də o deməkdir ki, Azərbaycan Alyans coğrafiyasının təhlükəsizliyində rolunu artırmaqdadır. Zəngin təbii ehtiyatlara, qazıntı yanacağına malik ölkə olaraq Azərbaycan öz tərəfdaşları ilə birlikdə bərpaolunan enerji mənbələrinə sərmayə yatırır.