Azərbaycan Qarabağı yenidən quraraq, onunla daha qüdrətli olacaq

Azərbaycan Qarabağı yenidən quraraq, onunla daha qüdrətli olacaq
Elçin Seyfullayev
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı RİHB-nin Bülbülə qəsəbə inzibati ərazi idarəsi üzrə nümayəndəsi
Qloballaşma şəraitində sürətlə dəyişən dünyanın bütün predmetləri nəzərə alınmaqla, əminliklə deyə bilərik ki, Azərbaycan bu gün inamla inkişaf edən ölkələr sırasındadır. Müstəqillik dövründə Azərbaycan Respublikası regionunun lider dövlətlərindən birinə çevrilib. Bu illər ərzində ölkəmizin dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük uğurlara imza atması həyata keçirilən çevik və uzaqgörən siyasətin nəticəsində mümkün oldu. Şübhəsiz ki, 44 günlük Vətən müharibəsi zamanı qazanılan Zəfərimiz müstəqillik tariximizin ən şanlı səhifələrinə qızıl hərflərlə yazıldı. Azərbaycan xalqını bu qələbəyə aparan ən böyük qüvvə və danılmaz güc Ali Baş Komandan Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının fəaliyyətinə nəzər saldıqda görünən odur ki, onun siyasətində həyata keçirilən əsas prioritetləri Vətənin müdafiəsi və xalqın rifahıdır. Prezidentin müasir dünyaya yaxından bələd olması, vaxtında atılan cəsarətli addımları, dünyada siyasi proseslərin dərindən təhliletmə qabiliyyəti qələbəmizi şərtləndirən əsas amillərdəndir.
Azərbaycan Liderinin mötəbər zirvə toplantılarında etdiyi çıxışlar və bəyanatlar ölkəmizin xarici siyasi arenada da qətiyyətli addım atmasının bariz nümunəsidir. Çexiyada keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısında Prezident İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşünün yekununda qəbul olunan bəyanat ölkəmizin növbəti diplomatik uğurudur.
Belə siyasi uğurun davamı olaraq cənab Prezident İlham Əliyevin 14 oktyabr tarixində Astanada Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında etdiyi möhtəşəm çıxışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən bu toplantıda ölkəmizlə bağlı baş verən bir sıra proseslərə toxundu. Belə məsələlərdən biri də ATƏT-in Minsk Qrupunun fəaliyyəti dövrünün kəskin tənqid edilməsi oldu: ”Təəssüf ki, 28 il ərzində Minsk qrupunun nəticəsi sıfra bərabərdir. İndi göründüyü kimi, bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox, onun dondurulması idi.
Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi. Beləliklə, münaqişə həll olunub. Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib”.
Sadə vətəndaş olaraq postmünaqişə dövründə görürdük ki, ATƏT-in Minsk qrupu 28 il ərzində ancaq çoxsaylı səfərlər etməklə, müəyyən danışıqlar aparmaqla öz işlərini başa vurmuş hesab edirlər. Onlar nəinki, Azərbaycanın mənafelərini müdafiə etdilər, əslində Ermənistana müəyyən hallarda dəstək verdilər. Yəni, təcavüzkarı yerində oturtmağa heç bir cəhd göstərmədilər. Bəli, artıq ATƏT-in Minsk qrupu fəaliyyətsiz bir təşkilatdır. Onun dirçəldilməsi Azərbaycanın milli maraqlarına heç cür fayda verə bilməz. Azərbaycan münaqişəni özü həll edib. Beynəlxalq təşkilatların etməli olduqlarını özü öz qüvvəsinə həyata keçirib. Bundan sonra da müəyyən məsələlərin həll edilməsini sözsüz yerinə yetirməyə qadirdir.
Cənab Prezident İlham Əliyev çıxışında Fransanın Prezidenti Emmanuel Makronun Azərbaycana qarşı tutduğu mövqeyinə xüsusi yer ayırdı. Prezidentimiz bildirdi ki, “Fransanın Azərbaycan və Ermənistan arasında münasibətlərə heç bir aidiyyəti yoxdur. ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın vasitəçilik missiyası var idi, lakin Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yoxdur”.
Fransanın siyasi gedişatına nəzər salsaq aydın görərik ki, Praqadakı görüşdən demək olar bir həftə sonra Fransa Prezidenti təhqiramiz, qəbulolunmaz, yalan və təxribat xarakterli bəyanatlarla çıxış edib. Fransa Prezidenti bəyanatlarında Azərbaycanın dəhşətli müharibə törətdiyini bildirib və dünya ictimaiyyətini çaşdırmağa səy göstərib. Həmçinin, Rusiya Federasiyasının ünvanına “Rusiya Azərbaycan oyununu oynadı” kimi qərəzli bəyanatlar səsləndirildiyini bildirən Azərbaycan Prezidenti deyib: “Böyük ölkənin Prezidentinə küçə leksikonundan istifadə etməyin nə dərəcədə siyasi nəzakətə uyğun olmasını, qoy, Fransa ictimaiyyəti müəyyən etsin. Biz isə öz tərəfimizdən belə bəyanatları qəti surətdə pisləyirik, rədd edirik və bundan sonra Fransa hökumətinin belə münasibəti çərçivəsində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması işində Fransanın hər hansı rol oynamasının heç bir mümkünlüyünü görmürük”. Bu cəsarətli bəyanatla Prezident İlham Əliyev Fransa Prezidentinin Azərbaycana qarşı göstərdiyi çirkin siyasətinin iç üzünü açdı. Fransa prezidenti Emmanuel Makronun son günlər ölkəmizə qarşı qərəzli mövqe göstərməsindən sonra dövlət başçısı səviyyəsində bu cür xəbərdarlığın edilməsi vacib addım oldu.
Azərbaycan Prezidenti İlham Əliyev Astanada MDB Başçıları Şurasının iclasında çıxışı və görüşləri zamanı Azərbaycanın ümumilikdə xarici və daxili siyasətinin bütün məqamlarını, eləcə də Qarabağın bu günü və gələcəyi haqqında Azərbaycanın mövqeyini qabarıq göstərə bildi. Belə ki, Prezident çıxışında Fransada Azərbaycan səfirliyinə hücum, Erməni vandalizmi, Erməni terroru, Qarabağda mina ”tarlalarının” ermənilər tərəfindən yaradılması və Azərbaycanın ədalətlə haqqı olan digər vacib mövzulara toxunmuşdur.
Azərbaycan müstəqil olaraq Qarabağ münaqişəsini özü həll etməklə güclü orduya, ədalət prinsiplərinə uygun olaraq ugurlu daxili və xarici siyasət aparmasını və güclü, iradəli lideri olan Prezidentə malik olmasını bütün dünyaya sübut etdi və bundan sonra da edəcək.
Qarabağ Azərbaycandır və Azərbaycan Qarabağı yenidən quraraq, onunla daha qüdrətli olacaq.