Günel Süleymanova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 89 nömrəli tam orta məktəbin müəllimi
Azərbaycan Respublikası ilə Macarıstan Respublikası arasında strateji tərəfdaşlıq və əməkdaşlıq
münasibətləri son illərdə əhəmiyyətli dərəcədə inkişaf edib. Prezident İlham Əliyev və Macarıstan rəhbərliyi arasında aparılan yüksək səviyyəli görüşlər bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Azərbaycan və Macarıstan arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə 2014-cü ildə imzalanıb. Bu sənəd iki ölkə arasında əlaqələrin daha da dərinləşdirilməsi, qarşılıqlı hörmət və maraqlar əsasında inkişaf etdirilməsini nəzərdə tutur. Macarıstan, Avropa İttifaqı daxilində Azərbaycanın ən yaxın tərəfdaşlarından biri hesab olunur.
Macarıstan hökuməti hər il Azərbaycan tələbələri üçün təqaüd proqramları təqdim edir. "Stipendium Hungaricum" proqramı çərçivəsində yüzlərlə azərbaycanlı tələbə Macarıstan universitetlərində təhsil alır. Eyni zamanda, mədəniyyət sahəsində qarşılıqlı tədbirlər keçirilir.
Azərbaycan və Macarıstan arasında enerji sahəsində əməkdaşlıq son illərdə xüsusilə ön plana çıxmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycanın təbii qazının Avropaya çıxarılması məqsədilə “ Cənub Qaz Dəhlizi “genişləndirilmiş və Macarıstan bu layihədə maraqlı tərəf olmuşdur.
Hər iki ölkə arasında iqtisadi əlaqələrin genişlənməsi məqsədilə Azərbaycan-Macarıstan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası fəaliyyət göstərir. Bu çərçivədə kənd təsərrüfatı, nəqliyyat, infrastruktur və maliyyə sahələrində layihələr həyata keçirilir.