Azərbaycan inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərin yeni bir mərhələsinə qədəm qoyub

Azərbaycan inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərin yeni bir mərhələsinə qədəm qoyub

Aygün Abbasova

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin müəllimi

Azərbaycanda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti önəmli məqamları ilə diqqət çəkib.  Xüsusilə, Azərbaycan Prezidenti cənab İlham Əliyevin tədbirdəki çıxışı maraqla qarşılanıb.

Dövlət başçısı Azərbaycanın son illərdə inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərin yeni bir mərhələsindən danışıb. Bildirib ki, COP29-a ev sahibliyi edən Azərbaycan, qlobal iqlim mübarizəsində öz yerini möhkəmləndirmək və kiçik ada dövlətlərinə dəstəyini genişləndirmək üçün mühüm addımlar atır. Kiçik ada dövlətləri, iqlim dəyişikliyinin ən ciddi təsirlərinə məruz qalan bölgələrdir. Həmin ölkələr qlobal istiləşmənin nəticəsi olaraq su səviyyələrinin artması, quraqlıq və ekstremal hava şəraiti kimi təhlükələrlə üzləşir.

Dövlət başçısı qeyd etdi ki, Azərbaycan COP-a sədrliyi dövründə kiçik ada dövlətlərinin iqlim problemləri ilə bağlı onlarla əməkdaşlığı əsas istiqamətlərdən biri kimi müəyyən edib, ölkəmiz tərəfindən bununla əlaqədar Zirvə toplantısı keçirilib. Azərbaycanın Millətlər Birliyi təşkilatı ilə əməkdaşlığını davam etdirəcəyini deyən Prezident İlham Əliyev kiçik ada dövlətlərinin iqlim problemlərinin daim diqqət mərkəzində saxlanılacağını qeyd edib.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində formalaşdırılmış həmrəyliyin məhz COP sədrliyi dövründə də davam etdiriləcəyini deyib. Dövlət başçımızın bildirdiyi kimi, ölkəmiz kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Bu yardımlar təbii fəlakətlərin fəsadlarını aradan qaldırılmasından tutmuş qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrini, eləcə də tələbə təqaüdü proqramlarını əhatə edir.

Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə göstərdiyi maddi və humanitar yardımlardan 80-dən çox ölkə və 20 kiçik ada dövləti faydalanıb. Bütün bunlar beynəlxalq platformada Azərbaycanın qlobal məsələlərin həllində oynadığı mühüm rolu ehtiva edir.

Eyni zamanda, dünyaya açıq mesaj verilir ki, Azərbaycan beynəlxalq ictimaiyyətin məsuliyyətli aktoru kimi üzərinə düşən öhdəlikləri hər zaman yerinə yetirəcək və bu istiqamətdə həmişə ədalətin tərəfində olacaq.