Azərbaycan azad edilmiş ərazilərdə “yaşıl enerji” və “ sıfır tullantı”larını tətbiq edir
Tünzalə Süleymanova
23 saylı şəhər poliknikasının həkimi
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Bir çox beynəlxalq təşkilatlara görə bərpa olunan enerjidən istifadənin genişləndirilməsi enerji keçidinin vacib sütunlarındandır və sürətlə inkişaf etdirilməlidir. Bərpa olunan enerjinin enerji balansında daha yüksək payı iqtisadiyyatın şaxələndirilməsindən başqa, digər çoxsaylı faydalar gətirə bilir. Dünyada ekoloji cəhətdən təmiz enerji mənbələrindən istifadənin genişləndirilməsi Paris Sazişi çərçivəsində qəbul edilmiş öhdəliklərin icrasına da töhfəsini verir. Eyni zamanda, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin məlumatına əsasən ötən il bu sektorda 11,5 milyondan çox adam iş tapıb.
Azərbaycan da bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi üzrə geniş potensiala malik olan ölkələrdəndir. Hazırda bərpa olunan enerji mənbələri üzrə potensialımız 27000 MVt həcmində qiymətləndirilir. Külək enerjisi potensialı 3000 MVt, günəş enerjisi potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir.
Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürdüyü və 2030-cu ilədək elektrik enersinin qoyuluş gücündə payının 30%-ə çatdırılmasının ( hazırda 17% təşkil edir) hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Bu sahədə ilk normativ sənəd kimi “ Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifdə haqqında” qanun layihəsi hazırlanıb, müvafiq prosedurlardan sonra 31 may 2021-ci il tarixdə Azərbaycanın Milli Məclisində üçüncü oxunuşda qəbul edilib.
BP şirkəti ilə isə Zəngilan və Cəbrayıl ərazilərində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.
Eyni zamanda, Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş panellərinin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” layihəsi həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə Böyükşor gölü üzərində 100 kVt gücündə pilot üzən fotoviltaik sistemin quraşdırılması nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030 sosial – iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri kimi “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”nin müəyyənləşdirildiyini nəzərə alaraq qeyd etmək olar ki, qarşıdakı dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə diqqət daha da artırılacaq. Prioritetin “yaşıl enerji məkanı” adlı alt məqsədinə uyğun olaraq eyni zamanda elektromobillərdən istifadə və enerji səmərəliliyi də diqqət mərkəzində saxlanılacaq.
İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində məhz “yaşıl enerji” layihələrinə üstünlük verilir. Buna əyani misal Zəngilan rayonu Ağalı kəndinin smart-ağıllı kənd layihəsinə qoşulmasıdır. Həmin ərazilərdə 4000 MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur. Eyni zamanda, Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25%i bu ərazidə formalaşır. Regionun Tərtərçay, Həkəri kimi əsas və digər kiçik çayları kifayət qədər əhəmiyyətli enerji potensialına malikdir.
Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarıdır. Qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının inşasının 2-2,5 il ərzində yekunlaşdırılması nəzərdə tutulur.
Hazırda işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” Konsepsiyası və Baş Planının hazırlanması məqsədilə Yaponiyanın bu sahədə ixtisaslaşmış TEPSCO şirkəti ilə müqavilə imzalanıb. Hazırda bu istiqamətdə işlər həyata keçirilir.