Azərbaycan Avropa Komissiyasının normallaşma prosesinə obyektiv dəstəyini yüksək qiymətləndirir
Pərvanə Cəfərova
Suraxanı Gənclər Evinin əməkdaşı
YAP Suraxanı rayon təşkilatının gənc fəal üzvü
Azərbaycan Cənubi Qafqaz regionunda davamlı sabitliyin, təhlükəsizliyin və çoxtərəfli iqtisadi əməkdaşlığın təmin olunması məqsədilə kağız üzərindəki bəyanatlardan və rəsmi protokollardan praktiki müstəviyə keçid edərək real, işlək sülh modelini uğurla formalaşdırır. Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə mətbuata birgə bəyanatı rəsmi Bakının bölgədə tamamilə yeni, mütərəqqi bir regional birgəyaşayış və əməkdaşlıq mühiti qurmaq istiqamətindəki qətiyyətli siyasi iradəsini beynəlxalq birliyin diqqətinə çatdırır.
Otuz ilə yaxın davam edən hərbi münaqişə və torpaqlarımızın işğalı dövrünün geridə qalması ilə Azərbaycan sülhü sadəcə müvəqqəti siyasi termin və ya diplomatik gediş kimi deyil, gündəlik həyatda hər bir region sakininin birbaşa hiss edə biləcəyi praktiki bir reallıq kimi qəbul edir və təqdim edir. Ölkəmiz postmünaqişə dövründə sülh şəraitində birgəyaşayış qaydalarını sıfırdan öyrənməklə yanaşı, normallaşma prosesinin geridönməz xarakter alması üçün qarşı tərəfin cavab addımlarını gözləmədən, birtərəfli qaydada strateji əhəmiyyətli humanist, loqistik və iqtisadi addımlar atmaqdadır.
Sülhün real və əhəmiyyətli nəticələrini göstərən ən konkret addımlardan biri Ermənistana yönələn və bu ölkənin qlobal bazarlara çıxışını təmin edə biləcək tranzit xətlərinin və kommunikasiyaların Azərbaycan tərəfindən tamamilə açılmasıdır. Beynəlxalq səviyyədə tanınmış ərazilərimizin uzunmüddətli qanunsuz işğalı səbəbindən vaxtilə tətbiq edilməsi məcburi olan bütün nəqliyyat, blokada və loqistika qadağaları rəsmi Bakı tərəfindən tamamilə ortadan qaldırılmışdır. Bununla da kifayətlənməyərək, Azərbaycan öz ərazisindən Ermənistana benzin və dizel kimi strateji əhəmiyyət kəsb edən mühüm yanacaq məhsullarının birbaşa təchizatına və daşınmasına şərait yaratmışdır ki, bu da qonşu ölkənin iqtisadi blokadadan xilas edilməsinə və Cənubi Qafqazın qlobal təchizat zəncirində etibarlı mərkəzə çevrilməsinə xidmət edir.
Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və tarixi ədaləti həm hərbi, həm də siyasi-diplomatik vasitələrlə bərpa edərək bölgədə güc balansını dəyişən əsas tərəfə çevrilmişdir. Lakin qalib və güclü tərəf olmasına baxmayaraq, rəsmi Bakı heç bir qisasçılıq və ya təcrid siyasəti yürütməmiş, əksinə Ermənistana beynəlxalq hüququn prinsiplərinə əsaslanan ədalətli sülh müqaviləsi təklif edərək gələcəyə baxışını nümayiş etdirmişdir. Hazırkı qlobal geosiyasi vəziyyətdə Cənubi Qafqazın logistik və strateji çəkisi sürətlə artmaqdadır və belə bir həssas dönəmdə dayanıqlı sülhün qorunması bütövlükdə Avrasiya məkanının təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edir.
Regionda formalaşan yeni reallıq və əməkdaşlıq mühiti beynəlxalq tərəfdaşlar, xüsusilə də Avropa İttifaqı tərəfindən diqqətlə izlənilir və Azərbaycan Avropa Komissiyasının bu normallaşma prosesinə verdiyi obyektiv dəstəyi yüksək qiymətləndirir. Buna baxmayaraq, əldə olunmuş sülh reallığını daha da gücləndirmək, onu uzunmüddətli, sarsılmaz və əbədi etmək üçün təkcə bir tərəfin deyil, regionun bütün aktorlarının prosesə ürəkdən, səmimi və konstruktiv şəkildə yanaşması mütləqdir.
Azərbaycanın atdığı bu böyükmiqyaslı tərəfdaşlıq addımları bir daha sübut edir ki, Cənubi Qafqazın gələcəyi hərbi qarşıdurmalarda, süni gərginliklərdə deyil, qarşılıqlı iqtisadi inteqrasiyada, açıq kommunikasiyalarda və dinc birgəyaşayışın təmin edilməsindədir.