Azad Laçında dalğalanan üçrəngli Bayrağımız Zəfərimizin rəmzidir
Təhminə Əsgərli
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu Xarici Dillər Təmayüllü Respublika Gimnaziyasının müəllimi
Əvvəllər Abdallar adlandırılan, 1924-cü ildən isə şəhər statusu alan Laçın 1930-cu ildən rayon mərkəzi olmuşdur. XX əsrdə Azərbaycanın tanınmış yazıçılarından biri olmuş Tağı Şahbazi Simurq yaxınlıqdakı dağın adını şəhərə vermişdir.
Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Laçın rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla köhnə Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdı. İşğal nəticəsində Laçın rayonunun əhalisi etnik təmizləməyə məruz qalmış, 300-dən artıq hərbi və mülki şəxs həlak olmuş və itkin düşmüşdür. Ümumilikdə, Laçın rayonuna 7.1 milyard ABŞ dollarından çox maddi ziyan dəymişdir. Təbii ki, bu yalnız maddi ziyanı ifadə edir. Mənəvi dəyər təşkil edən zərər isə heç bir maddi qarşılıqla ölçülə bilməz.
İşğaldan azad edilmiş Laçında quruculuq işləri başlanmışdır. Artıq Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və həmçinin ərazidə yerləşən digər infrastruktur layihələrini də elektrik enerjisi ilə təmin edəcəkdir
Laçının inkişafına təkan verəcək əsas hadisələrdən biri hava limanının istifadəyə verilməsi olacaq. 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaqdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyev azad olunmuş Laçına 21 sentyabr 2022-ci il tarixli səfəri zamanı Laçın şəhərinin mərkəzində Azərbaycan Bayrağını ucaldaraq bunun bir tarixi hadisə olduğunu vurğulamışdı. Heç şübhəsiz ki, bu şanlı tarixdir və özümüzdən sonrakı nəsillərə miras qalacaqdır.
Biz müharibə istəməmişik. Məhz buna görə 30 ilə yaxın müddət ərzində danışıqlar aparırdıq. Məhz ona görə İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamaq istəyirik. Bütün bunlar deməməyə əsas verir ki, biz sülhə nə qədər könüllü olmuşuq. Biz haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarıyıq və öz ərazi bütövlüyümüzü qoruyuruq. Biz bütün dünyaya göstərə bilmişik ki, nəyə qadirik və bununla fəxr edirik.
Bütün Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları bununla fəxr edir. Biz şəhidlərimizlə, Ordumuzla, hərbçilərimizlə fəxr edirik. Bu gün işğaldan azad olunmuş bütün torpaqlarımızda dalğalanan üçrəngli Bayrağımız bizim Zəfərimizin rəmzidir. Laçına Böyük Qayıdış yaxındadır. Və Laçın əbədi olaraq Azərbaycan torpağıdır!