Azərbaycanın coğrafi vəziyyəti Avropa üçün yeni imkanlar yaradır

Azərbaycanın coğrafi vəziyyəti Avropa üçün yeni imkanlar yaradır

Günel Hacıyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 203 saylı körpələr evi və uşaq bağçasının əməkdaşı

Çexiyanın paytaxtı Praqada Oktyabrın 6-da Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Macron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel arasında görüş keçirilib. Görüşdən sonra verilən bəyanatda  Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq etdikləri deyilib.

Almatı Bəyannaməsi 1991-ci il dekabrın 21-də imzalanaraq SSRİ-nin dağılmasını rəsmiləşdirdi və MDB-nin yaradılmasını elan edən sənəd kimi qiymətləndirilir. Bəyannaməni imzalayan dövlətlər bir-birinin ərazi bütövlüyünü və o dövrə mövcud olan sərhədlərin toxunulmazlığını tanımağa və hörmət etməyə söz veriblər.

Praqa görüşü Azərbaycanın diplomatik müstəvidə böyük zəfəridir, bu zəfər ölkəmizin siyasi platformada güc sahibi olduğunu göstərir. Azərbaycanın bu tədbirə həm Avropa İttifaqı tərəfindən, həm də tədbirin ev sahibi – Çexiya tərəfindən  dəvət edilməsi deməyə əsas verir ki,  əlaqələrin çox gözəl perspektivləri var. Müzakirələrin yeni başladığı Avropa Siyasi Birliyi adlanan bu yeni platformaya Avropa ittifaqına üzv 127 ölkə, Qərbi Balkan, Cənubi Qafqaz Ölkələri, Böyük Britaniya, Türkiyə və İsrail qatılır.

Avropa İttifaqının bizim üçün çox önəmli tərəfdaşdır. Yeni saziş üzərində iş aparılır, sazişin böyük əksəriyyətinin artıq razılaşdırılıb. Azərbaycanın coğrafi vəziyyətinin Avropa üçün çox önəmli olduğundan nəqliyyat sahəsində də əməkdaşlıq üçün yeni imkanlar yaradır.

Praqa görüşü Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması üçün ciddi zəmin yaratmaqla bərabər əksər problemli məqamlara aydınlıq gətirilməsinədə səbəb olub. Praqa görüşündə Ermənistanın baş naziri Paşinyan bəzi məqamlarla bağlı konkret mövqe ortaya qoya bilməyib. Məsələn, Naxçıvana dəhliz məsələsində Paşinyanın susqunluğu onun müstəqil iradəyə malik olmadığını göstərir. Bu fakt bir daha onu göstərir ki, Ermənistan  müəyyən qüvvələr, kənar güclər tərəfindən idarə olunur. Məhz buna görə də Paşinyan dəhliz məsələsində müstəqil qərar verə bilmir.

Zirvə görüşü bitdikdən sonra Prezident İlham Əliyev televiziya kanallarına müsahibə verib. O bildirib ki, Azərbaycan-Avropa İttifaqı münasibətləri yaxın gələcəkdə bəzi istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparacaq, ilk növbədə də enerji sahəsində.