Azərbaycanın beynəlxalq əlaqələri rəqəmsal transformasiya prosesində mühüm rol oynayır

Azərbaycanın beynəlxalq əlaqələri rəqəmsal transformasiya prosesində mühüm rol oynayır
Ləman Hacıyeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 208 nömrəli tam orta məktəbin direktoru

Prezident İlham Əliyevin “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirədə çıxışı ölkənin gələcək inkişaf istiqamətlərini müəyyən edən mühüm strateji sənəd kimi qiymətləndirilə bilər. Qlobal miqyasda rəqəmsallaşma, süni intellektin tətbiqi və data mərkəzlərinin yaradılması artıq dövlətlərin iqtisadi və siyasi gücünü formalaşdıran əsas amillərdəndir.

Prezident çıxışında xüsusilə vurğulayıb ki, süni intellektin tətbiqi və rəqəmsallaşma ilə bağlı islahatlar ölkələrin gələcək inkişaf trayektoriyasını müəyyən edir. Bu kontekstdə dövlət qurumlarında süni intellektin geniş tətbiqi idarəetmənin çevikliyini, şəffaflığını və operativliyini artıracaq əsas vasitələrdən biri kimi dəyərləndirilir.

Prezident İlham Əliyev çıxışında kadr hazırlığını əsas vəzifələrdən biri kimi qeyd edib. Rəqəmsal iqtisadiyyatın inkişafı üçün yüksək ixtisaslı mütəxəssislərin hazırlanması zəruridir. Azərbaycanın beynəlxalq əlaqələri də rəqəmsal transformasiya prosesində mühüm rol oynayır.

Ən böyük maliyyə resurslarını idarə edən qlobal fondlarla sıx əlaqələrin mövcudluğu ölkəyə investisiya cəlbi baxımından geniş imkanlar yaradır. Eyni zamanda transmilli böyük şirkətlərlə uzun illərə dayanan əməkdaşlıq təcrübəsi yeni texnologiyaların tətbiqi və qabaqcıl idarəetmə modellərinin mənimsənilməsi üçün əlverişli zəmin formalaşdırır.

Rəqəmsallaşma prosesində dövlət xidmətlərinin vahid platforma üzərindən – “mygov” sistemi vasitəsilə həyata keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Vahid mərkəzdən idarə olunan rəqəmsal xidmətlər vətəndaşlara operativ, şəffaf və rahat xidmət göstərilməsini təmin edir. Bu model həm bürokratik maneələri azaldır, həm də dövlət-vətəndaş münasibətlərində yeni keyfiyyət mərhələsi yaradır.

Nəticə etibarilə, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ölkənin iqtisadi gücünün, texnoloji potensialının və insan kapitalının vahid strategiya çərçivəsində səfərbər olunmasını nəzərdə tutur. Enerji müstəqilliyi, əlverişli coğrafi mövqe, güclü beynəlxalq tərəfdaşlıq və insan resurslarına yatırım Azərbaycanın rəqəmsal gələcəyini təmin edən əsas sütunlardır. Bu strategiya Azərbaycanın yalnız regionda deyil, qlobal miqyasda da rəqəmsal transformasiya prosesində fəal və təsirli iştirakçıya çevrilməsini hədəfləyir.