Azərbaycanı uğurlu gələcəyə aparan Liderə səs verəcəyik
Zığda seçicilərlə görüş keçirilib
2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 17-da Suraxanı rayonu, Zığ qəsəbəsi, Səcarət Həmidov küçəsi ünvanında yaşayan sakinlərlə görüş keçirilib.
Görüşdə YAP Suraxanı rayon təşkilatının sədr müavini Salman Əbdülov, təşviqat qrupunun üzvləri İbadət Xubyarov, Etibar Quliyev və şəhid atası Fizuli İsmayılov çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələr fəth edir. Bütün sahələrdə əldə edilən nailiyyətlər gələcəyə nikbin baxmağa imkan verir.
Natiqlər Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin və tarixi ədalətin bərqərar olmasının Prezident İlham Əliyevin 20 illik məqsədyönlü fəaliyyətinin zirvəsi olduğunu vurğulayıblar.
Görüşdə çıxış edən seçicilər cənab İlham Əliyevin Azərbaycanı uğurlu gələcəyə aparan bir lider olduğunu və hər zaman onun siyasətini dəstəkləyəcəklərini bildiriblər.
Həmin gün rayonun Yeni Günəşli yaşayış sahəsində müxtəlif ünvanlarda seçicilərlə fərdi görüşlər keçirilib. Təşviqat qrupunun üzvləri Aysel Ələkbərzadə, Ülviyyə Şeydayeva, Məhəmmədəli İsmayılov, Kübra Əliyeva, Hüseyn Abbaslı seçicilərə fəal iştirak etməyə və YAP-ın namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.