Azərbaycanda amnistiya və əfv siyasəti təsadüfi xarakter daşımır, bu, strateji yoldur

Azərbaycanda amnistiya və əfv siyasəti təsadüfi xarakter daşımır, bu, strateji yoldur

Ülviyyə Şeydayeva

YAP Suraxanı rayon təşkilatının fəal gənc üzvü

Azərbaycan xalqı öz çoxəsrlik tarixinin ən şanlı və qürurlu dövrlərindən birini yaşayır. 2023-cü ilin sentyabr ayında həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatları ilə ərazi bütövlüyümüzün tam bərpası və dövlət suverenliyinin ölkəmizin hər bir guşəsində təmin olunması, müstəqil Azərbaycan dövlətinin ən böyük tarixi qələbəsidir. Bu möhtəşəm zəfərin hüquqi və mənəvi müstəvidə təsbit olunması, xalqın birliyinin daha da möhkəmləndirilməsinə xidmət edir.

"Konstitusiya və Suverenlik İli"ndə elan edilən bu amnistiya, hər bir vətəndaş üçün dövlətin qayğısını hiss etmək və yeni bir həyata başlamaq şansıdır. Bu, suveren Azərbaycanın hər bir fərdi ilə birlikdə daha parlaq gələcəyə doğru irəlilədiyinin ən bariz sübutudur.

Azərbaycanda amnistiya və əfv siyasəti təsadüfi xarakter daşımır, bu, uzunillik strateji bir yoldur. 1995-ci ildən bəri ölkədə qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq nəfəri əhatə etmişdir. Prezident cənab İlham Əliyevin rəhbərliyi dövründə isə 39 əfv sərəncamı imzalanmış və 5 amnistiya aktı reallaşmışdır.

Ümumilikdə, müstəqillik dövründə imzalanmış 71 əfv fərmanı və sərəncamı ilə 10 162 məhkum əfv olunub ki, bunun da 7060-ı məhz Prezident cənab İlham Əliyevin imzası ilə həyata keçirilib. 2021-ci ildə Zəfər Günü münasibətilə tətbiq edilən 17 min nəfərlik amnistiyadan sonra, 2025-ci il təşəbbüsü 20 min nəfərlik miqyası ilə bu humanist siyasətin zirvəsini təşkil edir.

Prezident cənab İlham Əliyevin bu tarixi təşəbbüsü Azərbaycan dövlətinin həm gücünü, həm də mənəvi ucalığını nümayiş etdirir. Dövlət başçısı bu addımı ilə azadlığa qovuşacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə dair böyük bir ümid mesajı verir.