Azərbaycan və qırğız xalqları eyni dinin daşıyıcılarıdırlar, oxşar dilə, mədəniyyətə və ənənələrə malikdirlər

Azərbaycan və qırğız xalqları eyni dinin daşıyıcılarıdırlar, oxşar dilə, mədəniyyətə və ənənələrə malikdirlər
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Bülbülə Bələdiyyəsinin sədri
Azərbaycanla Qırğızıstan arasında hazırda yüksək dinamikaya malik əlaqələrdən söhbət açarkən ilk növbədə tarixi bağlılığı qeyd edə bilərik. Xalqlarımız bir əzəmətli ağacın eyni kökdən gələn və rişələnən budaqlarıdır. Hər iki xalqın folklorunda və yazılı ədəbiyyatında hətta eyni personajlara belə rast gəlmək mümkündür. Nə demək olar, bu, tarixdir. Zaman ötüb keçib, Türk soyu da pərvazlanıb, qol-budaq ataraq şaxələnib. Əcdadlarımız böyüdükcə, saylarını artırdıqca eyni məkana sığmayıblar, yeni-yeni ərazilərə gələrək özlərinə yurd-yuva qurublar, dövlətlər yaradıblar. Gen yaddaşı isə eyni soyun daşıyıcılarında daim qalıb və gözəgörünməz cazibə qüvvəsi tək onları bir-birinə doğru çəkib. Azərbaycan və Qırğızıstanın müxtəlif dönəmlərdə müəyyən gəlişmələr səbəbindən bir-birlərindən uzaq düşmələrlə üzləşsələr də, bu gün çox sürətlə yaxınlaşmaları məhz heç vaxt mahiyyətini dəyişməyəcək və əhəmiyyətini itirməyəcək tarixi səbəblərlə bağlıdır. Sevindirici haldır ki, hazırda Azərbaycanda və Qırğızıstanda yaxınlaşmağa, əlaqələrin daha yüksək səviyyəyə qalxmasına cəmiyyətlər səviyyəsində böyük istək var, eyni zamanda, dövlətlər, liderlər-Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov səviyyəsində də buna güclü siyasi iradə ortaya qoyulur.
Artıq Azərbaycanla Qırğızıstan arasındakı münasibətlərdə yeni bir səhifənin açıldığını söyləmək mümkündür. “Bizim münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu, çox əlamətdar hadisədir, çünki qarşılıqlı fəaliyyətdə olduğumuz 29 il ərzində biz, əlbəttə, bir sıra istiqamətlər üzrə fəal işləmişik, lakin münasibətlərimiz bu səviyyədə olmayıb”. Bu fikirləri Prezident İlham Əliyev cari il aprelin 20-də Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri çərçivəsində keçirilən geniş tərkibdə görüşdə ifadə edib. Həmin görüşdə Qırğızıstanın dövlət başçısı ikitərəfli münasibətlərin qurulmasında Ulu Öndərin rolunu yüksək dəyərləndirərək varisliyi qoruyub saxladığına və daha da inkişaf etdirdiyinə görə Prezident İlham Əliyevə təşəkkürünü çatdırıb: “Hörmətli İlham Heydər oğlu, icazə verin, varisliyi qoruyub saxladığınıza görə Sizə minnətdarlığımı bildirim. Bu varislik sayəsində bizim münasibətlərimiz bu gün də uğurla inkişaf edir. Hesab edirəm ki, bizim müasir Qırğızıstan-Azərbaycan münasibətlərinin qurduğumuz etibarlı təməli olmasaydı, qarşılıqlı əlaqələrimizin fəallığı mümkün olmazdı”. Səfər zamanı imzalanmış sənədlər də məzmun baxımından əhatəlidir və hər iki tərəfin əlaqələrin daha da inkişafında maraqlı olduğunu göstərir.
Qırğızıstan Prezidentinin Azərbaycana rəsmi səfəri çox önəmlidir. Azərbaycan dost və qardaş ölkə ilə on sənəd imzalanıb. “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”, “Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Qırğız Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə Qırğız Respublikası İctimai Teleradio Yayımları Korporasiyası arasında əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə Qırğız Respublikası İqtisadiyyat və Kommersiya Nazirliyi yanında Antiinhisar Tənzimlənməsi Xidməti arasında əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum”, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında hava əlaqəsi haqqında Saziş”, “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Əqli Mülkiyyət və İnnovasiya Dövlət Agentliyi arasında əqli mülkiyyətin qorunması sahəsində anlaşma və əməkdaşlıq haqqında Memorandum”, “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” iki dövlət arasındakı müqavilə-hüquq bazasını əhəmiyyətli dərəcədə genişləndirir.
Bütün bunlar onu deməyə əsas verir ki, diplomatik əlaqələr yarandığı gündən Qırğızıstan-Azərbaycan ikitərəfli əməkdaşlığı qarşılıqlı faydalı tərəfdaşlıq, dostluq əsasında qurulmuş və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etmişdir. Görünən odur ki, Azərbaycan digər türkdilli dövlətlərlə olduğu kimi, Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Hər iki ölkənin məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə töhfə verməkdir. Prezident İlham Əliyevin Qırğız Respublikasına dövlət səfəri, Prezident Sadır Japarov ilə görüşü, imzalanan sənədlər və liderlərin səsləndirdiyi fikirlər iki qardaş ölkənin münasibətlərində hərtərəfli əməkdaşlığa hesablanan yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir. Bütün bunlar türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin inkişafında nümunəyə çevrilir.