Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər
Dövlətlərarası münasibətlərin hüquqi-normativ bazasının təkmilləşməsi və inkişafında dövlət və hökumət başçılarının sonrakı dövrdə intensiv xarakter alan qarşılıqlı səfərləri mühüm əhəmiyyət daşıyıb. Ölkələrimiz arasında mütəmadi olaraq yüksək vəzifəli rəsmilərin səfərləri də həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür. Son illər Azərbaycanın artan iqtisadi imkanları, yerləşdiyi əlverişli coğrafi mövqeyindən maksimum şəkildə səmərəli faydalanmaq bacarığı, beynəlxalq aləmə inteqrasiyası onun qonşuları ilə əlaqələrinə də müsbət təsir göstərib. Azərbaycanın qonşu ölkələrlə siyasətində strateji tərəfdaşı olan Gürcüstanla münasibətlər xüsusi əhəmiyyətə malikdir. Çünki ölkəmizin enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, həmçinin Şərq-Qərb dəhlizi üzrə yüklərin daşınmasında tarixi köklərlə bağlı olduğumuz Gürcüstan mühüm tranzit rol oynayır.
Azərbaycan və Gürcüstan hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyiblər. Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın bu və digər maraqlarını əks etdirən məsələlərdə hər iki dövlət bir-birini dəstəkləyib. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir. Azərbaycanın bu məsələ ilə bağlı mövqeyi birmənalıdır. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm qlobal layihələrin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.
İki ölkə arasında mədəni və humanitar sahələrdə də əməkdaşlıq uğurla davam edir. Bütün bunlar Azərbaycan-Gürcüstan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini bir daha təsdiqləyir.