Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvəsi sayılır
Səfər çərçivəsində Ankarada Azərbaycan Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Görüşdə dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğuladılar.
Azərbaycan-Türkiyə münasibətləri dostluğun, qardaşlığın zirvəsi sayılır. Dünya dövlətləri arasında elə bir nümunə yoxdur ki, bu iki ölkə qədər bir-birinə yaxın olsun. Azərbaycan və Türkiyənin qardaşlığı tarixdən gələn ənənələrlə, eyni milli-mənəvi dəyərlərlə, dövlətlərin və liderlərin qətiyyətli siyasi iradələri və cəmiyyətlərin istəyi ilə şərtlənir. Bu münasibətlər müttəfiqlərin qarşılıqlı maraqlarına və regional sabitliyə, sülhə böyük töhfələr verir.
Azərbaycan və Türkiyə xoş günlərin, zəfərlərin sevincini həmişə birlikdə bölüşürlər. İki ölkənin və xalqın dostluğu, qardaşlığı həmçinin çətin günlərin sınağından keçərək möhkəmlənib. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verirdi. Böyük Zəfərimizlə başa çatan 44 günlük müharibədə də qardaş ölkə Azərbaycanın yanında oldu.
Azərbaycan-Türkiyə əlaqələri ulu öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" fəlsəfəsinə əsaslanmaqlq bərqərar olub. 2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanması dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə münasibətləri strateji müttəfiqliyin ən gözəl nümunəsini ehtiva edir. Məhz həmin gün dini, dili, tarixi, mədəniyyəti və məqsədi bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoydu. Bu Bəyannamənin müddəaları Azərbaycan Respublikasının milli təhlükəsizliyinin bir çox aspektini əhatə etsə də, Hərbi Doktrinada nəzərdə tutulan xarici hərbi və siyasi təhdidlərin neytrallaşdırılmasında və ya onlara qarşı balans yaradılmasında xüsusi əhəmiyyət kəsb edir.
15 iyun 2021-ci ildə yazılmış bu əlamətdar tarix bölgənin geosiyasi mənzərəsininin yeni təsviri, Azərbaycanın və Türkiyənin düşmənlərinə qətiyyətli mesaj, türk dünyasına töhfələr, ölkələrimiz arasında bütün sahələrdə inteqrasiya və region üçün yeni tarixi gerçəklik yaratdı. Bu gerçəklik isə hər birimizin rifahını təmin edən dövlətimizin parlaq gələcəyi üçün mühüm xarakter daşıyır.