Azərbaycan Səhiyyəsinə Həsr Olunmuş İşıqlı Bir Ömür- Akademik Zərifə Əliyeva

Azərbaycan Səhiyyəsinə Həsr Olunmuş İşıqlı Bir Ömür- Akademik Zərifə Əliyeva

Svetlana Hənifəyeva 

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayon 311 saylı uşaq bağçasının müdiri

Azərbaycan xalqının tarixində silinməz izlər qoymuş şəxsiyyətlər arasında görkəmli alim-oftalmoloq, akademik Zərifə xanım Əliyevanın özünəməxsus yeri vardır. Onun həyatı yalnız bir həkimin və ya alimin uğur hekayəsi deyil, eyni zamanda vəfalı bir ömür-gün yoldaşının, fədakar bir ananın və əsl Azərbaycan ziyalısının uca mənəviyyat nümunəsidir.

Zərifə xanım Əliyeva öz elmi fəaliyyəti ilə Azərbaycan oftalmologiya elminin inkişafına misilsiz töhfələr vermişdir. Onun tədqiqatları yalnız dar bir sahə ilə məhdudlaşmırdı. O, dövrün ən ciddi problemlərindən olan traxoma infeksion xəstəliyinə qarşı mübarizədə fəal iştirak etmiş, bu xəstəliyin müalicə metodlarını işləyib hazırlamışdır. Onun tətbiq etdiyi müalicə üsulları qısa zamanda bütün respublika səviyyəsində geniş istifadə olunmağa başlamışdı.

Onun elmi nailiyyətləri beynəlxalq səviyyədə də yüksək qiymətləndirilmişdir. Akademik Zərifə Əliyeva oftalmologiya sahəsindəki uğurlarına görə M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadın alimdir.

Zərifə xanımın ömür yolu Ulu Öndər Heydər Əliyevlə kəsişdikdən sonra onun həyatı yeni bir məna kəsb etdi. Heydər Əliyev öz xatirələrində qeyd edirdi ki, onun dövlət işlərindəki uğurlarında ailədəki yüksək mənəvi mühitin və Zərifə xanımın dəstəyinin rolu əvəzsiz olmuşdur.

Prezident İlham Əliyev anasının həyat fəlsəfəsinin köklərinin onun uşaqlığına dayandığını vurğulayır. Zərifə xanım üçün uşaqlıq – xeyirxahlığın və şəfqətin dərk edildiyi müqəddəs bir dövr idi. O, öz övladlarını da bu ruhda, Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etmişdir.

Zərifə xanım Əliyeva həm də böyük bir ictimai xadim idi. Onun fəaliyyətində kimsəsiz uşaqlara qayğı və insanların dərdinə şərik olmaq xüsusi yer tuturdu. Ulu Öndərin dediyi kimi: 

​“O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi”. 

​Onun yazdığı “Yüksək etimad” kitabı da məhz insanın mənəvi ucalığı və məsuliyyəti haqqında bir töhfədir. Həyatının son günlərində belə, öz taleyindən çox, arxada qoyacağı insanları düşünən bu böyük şəxsiyyət, ölümü ilə də əbədiyyət qarşısında ancaq yaxşılığın qaldığını sübut etdi.

Bu gün akademik Zərifə Əliyevanın adı Milli Oftalmologiya Mərkəzi tərəfindən yaşadılır. Onun 100 illik yubileyi və hər il qeyd olunan 15 aprel anım günü xalqımızın ona olan bitməz sevgisinin göstəricisidir. Zərifə xanım Əliyeva öz elmi, xeyirxahlığı və sadəliyi ilə tarixin yaddaşında əbədi olaraq “işıq gətirən insan” kimi qalacaqdır.