Azərbaycan Respublikasının dövlət rəmzlərindən biri, Dövlət Bayrağıdır
Səbinə Kamalova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin müəllimi
"Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun". - Ulu Öndər Heydər Əliyev
Dövlət bayrağımız üzərində səkkizguşəli ulduz və aypara təsvir edilmiş mavi, qırmızı, yaşıl rəngli üç zolaqdan ibarətdir. Bu rənglər xalqımıza və dövlətimizə aid olan üç mühüm cəhəti özündə birləşdirir. Mavi rəng-türk soyumuzu, qırmızı rəng-müasirliyimizi, yaşıl rəng isə müqəddəs İslam dinini ifadə edir. Müstəqil Azərbaycan dövlətinin bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideolagiyamızın üç təməl prinsipini təşkil edən "türkçülük, müasirlik və islamçılıq" formulunun müəllifi görkəmli Azərbaycan mütəfəkkürü Əli bəy Hüseynzadədir.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlət suverenliyinin rəmzidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda hökumətın iclasında qəbul edilmiş və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılmış və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur.
Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan vətəndaşının milli həmrəkliyinin, vahid məfkurə ətrafında birləşməsinin başlıca amillərindən biridir. Harada yaşamasından asılı olmayaraq,hər bir azərbaycanlı üçün Azərbaycan Respublikasının Dövlət Bayrağı and yeri, fəxarət və qürur mənbəyidir. Xalqımız dövlətinə məxsus olan bayrağını asanlıqla yüksəklərə ucaltmayıb. Bu müqəddəs bayraq uğrunda himnimizdə də deyildiyi kimi, minlərlə can qurban olub. Bu yolda zaman-zaman qanlar axıdılıb, sinəsini Vətən yolunda sipər edən igidlərimiz düşmən gülləsinə tuş gəlib, Vətən, bayraq yolunda şəhid olublar.
Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir.