Fərqanə Əkbərova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin müəllimi
Şuşa Azərbaycanın ən gözəl şəhərlərindən biri, hətta deyərdim ki, Qarabağın döyünən ürəyidir. ”Şuşa” sözü bu diyarın saf qeyri-adi dərəcədə şəffaf dağ havasının rəmzi olan “şüşə” sözündən yaranmışdır. Bildiyimiz kimi, Qarabağ xanı Pənahəli xan yadelli işğalçılardan müdafiə olunmaq üçün bir neçə qala, o cümlədən, Bayat və Şahbulaq qalalarını tikdirmişdir. 1750–ci ildə isə Pənahabad qalasını tikdirmişdir. Hansı ki, hal-hazırda da Şuşa qalası kimi qalmaqdadır.
Hər daşı, hər qarış torpağı, havası, Turşsu, İsa bulağı, Bülbülün evi, Üzeyir Hacıbəyovun Şuşada yerləşən ev muzeyi, Xan qızı Xurşudbanu Natəvanın evi, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi neçə illər işğal altında qalsa da azərbaycanlıların hər kəlməsində yaşadı, yaddaşımızdan bir an belə silinmədi. Öz qədim tarixi irsinə, milli–mənəvi, maddi-mədəni dəyərlərinə sadiq qalan hər bir gənc vətənə məhəbbət, torpağa sədaqət ruhunda tərbiyə olundu. Vətənə məhəbbət öncə ailələrdə, sonra isə məktəblərdə aşılandı. Vətən həsrəti, torpaq nisgili qəlbimizi nə qədər göynətsə də, doğma yurda, el-obaya olan sonsuz məhəbbət, qəlbimizin dərinliyində kök salan əbədi torpaq sevgisi bizi addım-addım qələbəyə apardı. Bu qələbənin təməlini 44 günlük Vətən müharibəsində canından keçən qəhrəman, igid oğullarımız qoydu. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənə göz dağı oldu.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şuşa işğaldan azad olunduğu gün noyabrın 8–də Şəhidlər xiyabanından xalqa müraciətində verdiyi bu xoş xəbər Azərbaycanı ayaq üstə qaldırdı. Hamının gözlədiyi o an unudulmaz və əbədi tarixə yazıldı. Azərbaycan Ordusunun qətiyyətli mübarizəsi ilə tarixi ədalət bərpa olundu. Beləliklə, 8 noyabr hər il Zəfər Günü kimi qeyd olunur. Vətən uğrunda canından keçən şəhidlik zirvəsinə çatan Azərbaycanın qəhrəman, igid oğlanlarını hər zaman qəlbimizdə yaşadacaq, gələcək nəsillərə tanıdacağıq.
Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında sərəncam imzalamışdır. Beləliklə Şuşa azadlığının ilk dövrünə mədəniyyət paytaxtı kimi qədəm qoydu. Azadlığın ilk günündən etibarən, şəhərə, onun tarixi-mədəni irsinə və təbiətinə vurulmuş zərərinə təxirəsalınmadan inventarizasiyası aparıldı və bərpa işlərinə başlanıldı. Vaqifin məqbərəsi yenidən quruldu. Yuxarı Gövhər Ağa məscidi, Aşağı Gövhər Ağa məscidi, Saatlı məscidi bərpa olundu. Şuşada ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında bərpa-yenidən-qurma işləri aparılır. Yenidənqurma işləri nəticəsində Şuşada yaşayış kompleksləri inşa edilmişdir. Birinci yaşayış kompleksində 450, ikincidə 300, üçüncüdə 500-ə yaxın mənzil inşa edilməsi planlaşdırılmışdır. 10 may 2024-cü il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etmiş və şəhərə köçmüş ilk sakinlərlə görüşmüşlər. Prezident İlham Əliyev öz çıxışında bildirmişdir: - Əziz şuşalılar, Şuşaya xoş gəlmisiniz. 32 ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz 32 il vətən həsrəti ilə yaşamısınız,amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız.
Sonda bildirmək istəyirəm ki, ilk müəllimlik fəaliyyətimə MİQ imtahanında uğur qazanaraq 2012-ci ildə Mərdəkan qəsəbəsində yerləşmiş Şuşa rayon 5 №-li tam orta məktəbdə işə başlamışam. Məktəbin direktoru Ş.Nəsibov, direktor müavini N.Səmədova və məktəbdə çalışan şuşalı müəllimlərin Şuşa haqqında danışdıqları xatirələri dinlədikcə Şuşada olmasam da, görməsəm də hər zaman nə vaxtsa Şuşaya qayıdacağıq və mən inşallah Şuşada təzədən bərpa edilən Şuşa 5№-li məktəbdə həmin kollektivi görməyi arzulamışam.
Qəlbimizdə kök salan Əziz Şuşa biz qayıtdıq!