Ramilə Quliyeva
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın müəllimi
Azərbaycan xalqı qədim, müdrik, yüksək əxlaqi-mənəvi dəyərlərə sahib bir xalq kimi tarixin bir çox sınaqlarından alnıaçıq, üzüağ çıxmağı bacarmışdır. Xalqın, elin ağır günündə öz canını, qanını fəda etməyə hazır olan, döyüş meydanlarında yenilməz rəşadət göstərən igidlər lazım olanda elin ağsaqqalının bir kəlməsinə baş əyər, böyük sözünə, müdrikliyinə əsla şübhə etməzdilər. Bəlkə də, məhz bu dəyərə sahiblik xalqımızın tarixin amansız sınaqlarından ləyaqətlə çıxmasında böyük rol oynamışdı.
1992-ci ildə yenicə müstəqillik əldə etmiş, lakin ağır böhranlar girdabında boğulan, çırpınan Azərbaycanın xilasını bir dahinin müdrikliyində görən xalqımızın 91 nəfər ziyalısı tarixdə iz qoyacaq çox dəqqiq bir addım atdı. Onlar dahi lider, xalqın böyük oğlu Heydər Əliyevə müraciət ünvanladılar. Xalqın istəyini nəzərə alaraq Ulu Öndərə müraciət edən məşhur “91-lər”in cəsarətli addımları nəticəsində dağıdıcı proseslərin qarşısı alındı. Azərbaycanın ən yeni tarixinə “91-lər”in müraciəti kimi daxil olmuş həmin sənəd əslində, bütün xalqın arzu və istəklərinin ifadəsi idi. Azərbaycanın görkəmli ziyalıları, tanınmış insanları və nüfuzlu şəxsiyyətlərinin imzaladıqları bu müraciətdə Heydər Əliyevdən yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək xahiş olunurdu.
Ulu Öndər isə dar günündə ona pənah gətirmiş xalqına belə cavab vermişdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”. Bəli, bu dahi siyasətçinin böyük uzaqgörənliklə söylədiyi fikirlər bir-bir reallaşacaq və Azərbaycanı bir dövlət kimi məhv olmaqdan qurtaracaqdı.
Ulu Öndər Heydər Əliyevin yaratdığı partiya ötən illər ərzində ölkəmizdə siyasi sabitliyin və davamlı inkişafın təminatçısı kimi çıxış etmişdir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər çox böyük, şərəfli və uğurlu yol keçmişdir. Partiya məfkurəsinin əsasını müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri təşkil edir.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır. Prezident İlham Əliyev YAP-ın VII qurultayında çıxışı zamanı belə demişdir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki, Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.
5 mart 2021-ci il tarixində keçirilmiş YAP-ın VII qurultayında qəbul edilmiş qərar əsasında Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi, 40 nəfər tərkibdə İdarə Heyəti, 13 nəfərdən ibarət Təftiş Komissiyası və yeni qurum olaraq YAP-ın Veteranlar Şurasının 35 nəfərlik tərkibi təsdiq edilmişdir. Hazırda YAP-ın 773 770 üzvü var. YAP İdarə Heyətinin 2021-ci il 29 dekabr tarixli iclasında partiyanın yeni Proqramı təsdiq edilmişdir. Proqramda Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub: 1.Heydər Əliyev yolu, 2.Müstəqillik, 3.Azərbaycançılıq, 4.Dövlətçilik 5.Qanunun aliliyi, 6.Varislik və təkamül 7.Konstruktiv əməkdaşlıq və dialoq, 8.Sosial ədalət və insan amili, 9.Multikultural cəmiyyət, 10.Demokratik ənənələrin inkişafı.
YAP hakim partiya olaraq öz siyasətini adekvat olaraq qurur. Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırıb.
Yeni Azərbaycan partiyası hakim partiya kimi ümümxalq partiya olmasını sübut etdi. Məhz Yeni Azərbaycan partiyasının hakimiyyətinin güclü siyasi iradəsi-dünyanın ən nüfuzlu liderlərindən olan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız mənfur düşmənlərin tapdağından azad olundu.
Bu gün bu danılmaz bir reallıqdır ki, Azərbaycanda YAP-a alternativ ola biləcək heç bir partiya yoxdur və YAP bütün xalqın partiyasıdır. YAP sübut etdi ki, həqiqətən də dünənin bu günün və sabahın partiyasıdır.