Azərbaycan ordusunun cəsarətini şərtləndirən ən əsas cəhətlərdən biri də qələbəyə olan inam idi
Səadət Məmmədova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayonu 282 nömrəli tam orta məktəbin direktoru
Hər birimizin qürurla qeyd etdiyimiz Zəfər Günü öz möhtəşəmliyi ilə tariximizə şanlı səhifələr həkk edən, fəxrli olduğu qədər də həssaslığı ilə əlamətdar olan bir gündür. Məhz həmin tarixdə vətən torpaqlarının işğal altında qaldığı otuz ilə yaxın vaxt ərzində ürəyimizdə yurd salmış həsrəti söküb qoparan, əvəzində qələbənin sevincini bizə bəxş edən güclü ordumuz və bu ordunun Ali Baş Komandanı, ölkə başçısı İlham Əliyev Azərbaycanın taleyini yaxşı mənada dəyişməyə müvəffəq oldular. 44 günlük müharibə zamanı xalqın sarsılmaz dəstəyi, inamlı mübarizəsi onu göstərdi ki, Azərbaycan Respublikasının vətəndaşları statusundan, mövqeyindən, milli və dini mənsubiyyətindən asılı olmayaraq öz liderinə güvənir. Bütün bunlara nail olmaq isə uzunmüddətli məqsədyönlü fəaliyyətin, lazımi istiqamətlərdə aparılan davamlı işin nəticəsi idi.
Dövlətin varlığını şərtləndirən mühüm məqamlardan birinin öz təhlükəsizliyini və ərazi bütövlüyünü təmin edə bilməsi üçün qüdrətli ordu qurmaq olduğunu nəzərə alaraq son illər ərzində ölkəmizdə bu sahədə görülən işlərin müsbət nəticəsindən əminliklə danışmaq olar. Bu gün Qafqazın ən güclü ordusu olmaq Azərbaycan Silahlı Qüvvələri üçün uğur olmaqla yanaşı daha da inkişaf etmək üçün bir stimuldur. 44 günlük müharibə müddətində nəinki regionun hətta bütün dünyanın diqqətini nizami, təmkinli və prinsipial olaraq hədəfə hesablanmış fəaliyyəti ilə təəccübləndirən ordumuz dövlətimizin hərbi sahədəki işlərinin nə qədər doğru şəkildə aparıldığını bir daha sübut etdi.
Azərbaycan ordusunun cəsarətini şərtləndirən ən əsas cəhətlərdən biri də qələbəyə olan inam idi. Bu inamı təmin etməyi hər mənada bacaran əzmli, iradəli siyasi liderin varlığı hərbi əməliyyatların davam etdiyi dövr ərzində xüsusi və əvəzsiz rolunu oynadı. Prezident İlham Əliyevin qısa vaxt ərzində dünyanın nüfuzlu telekanallarına çoxsaylı müsahibələr verməsi, tarixi ədalətin bərqərar olmasına maneə yaratmaq arzusunda olan qüvvələri məntiqli çıxışları ilə susdurması beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışan güclərin qarşısına sədd çəkdi.
Vətənimiz gərgin, həssas və böyük tarixi əhəmiyyət kəsb edən həmin günlərdə dostunu və düşmənini bir daha tanıdı. Qardaş Türkiyə Respublikasının mənəvi dəstəyi bu mənada yada düşən ilk məqamlardandır. 200 ilə yaxın vaxt ərzində regionda türksoylu millətlərə qarşı dözümsüzlük göstərən, bu dözümsüzlüyü qanlı qırğınlar, soyqırımlar vasitəsilə nümayiş etdirən düşmənlərimiz aldıqları layiqli cavab nəticəsində əbədi kinin onlara xeyir gətirməyəcəyinə növbəti dəfə şahid oldular. 2020-ci ilin 27 sentyabr tarixində törətdikləri təxribat vətənimiz üçün zəfərlə nəticələnən hərbi əməliyyatların başlanmasına təkan oldu. Bu təkanın qarşısında isə nə Ermənistanın hərbi-siyasi rəhbərliyi nə də dünyanın müxtəlif yerlərində mövcud olan havadarları duruş gətirə bilmədi.
2020-ci ilin 10 noyabr tarixində imzalanmış kapitulyasiya aktı oldu ki, bu da Azərbaycanın haqq davasına mane olmaq istəyən bütün güclərə ən layiqli cavab idi. Saysız müharibə cinayətləri törətmiş Ermənistan tərəfindən fərqli olaraq yenə də mərhəmət və ləyaqət nümayiş etdirən dövlətimiz düşmənin torpaqlarımızın digər hissələrindən döyüşsüz və qansız çıxmasına şərait yaratmağa razılıq verdi. Bu mərhəməti sui istifadə etmək istəyənlərə cavab olaraq isə “dəmir yumruğun” gücü xatırladıldı.
Dəfələrlə olduğu kimi tarixin bu mərhələsindən də üzüağ çıxmağı bacaran xalqımız və dövlətimiz artıq işıqlı gələcəyi qurmağa köklənmişdir. İşğaldan azad olunmuş ərazilərimizdə aparılan quruculuq işləri öz sürəti və miqyası ilə bütün dünyanı təəccübləndirməkdə davam edir. Azərbaycan bir tərəfdən müharibə zamanı vətən uğrunda gözünü qırpmadan özünü fəda edən şəhidlərimizin ailələrinin və müharibə iştirakçılarının həyatının yaxşı mənada yenidən qurulması üçün səy göstərir, digər tərəfdən isə ölkəmizin inkişaf sürətini təmin etmək üçün cəhdlər edir. Bir sözlə müharibəsonrası dövr də öz növbəsində ciddi əzm və əmək tələb edir. Bu mənada hər bir Azərbaycan vətəndaşı öz məsuliyyətini dərk edərək vətənin səadətini təmin etmək üçün usanmadan çalışan dövlətimizin və böyük qurbanlar bahasına bərpa etdiyimiz dövlətçiliyimizin yanında olmalıdır.