Azərbaycan Ordusu döyüş hazırlığına görə MDB məkanında ön sıralarda gedir
Bu qürur da tarix kimi yaşadılacaq. O günlərdə bu qüruru bizimlə birgə yaşayanlar indi əsgərdilər. Çiyin-çiyinə bizimlə xidmətdədilər. 2021-ci il iyunun 14-də “The Times” qəzetində Almaniya Silahlı Qüvvələrinin hərbi strategiya ekspertinin sözlərinə görə, hipotetik münaqişədə Almaniya dron hücumuna qarşı zəif hazırlıqlı olduğundan, “Azərbaycanla müharibəni uduzardı”. Ekspert qeyd edir ki, Almaniyanın böyük, amma ləng, yöndəmsiz və köhnəlmiş elektron döyüş avadanlığı ilə təchiz döyüş qrupları, Azərbaycan kiçik, amma çevik qüvvəsi və dronları üçün asan hədəflərə çevrilə bilərdi.
XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası bu gün dünyanın inkişaf etmiş ölkələrinin hərbi məktəblərində öyrənilir. Son dərəcə çətin relyef şəraitində cəmi 44 gün ərzində ən müasir döyüş silahlarının tətbiqi ilə şanlı qələbə qazanan Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirdi. Ordumuz ilk gündən düşmənin müdafiə xəttini yararaq sonrakı 44 gündə yalnız irəli getdi.
Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğısı, onun döyüş hazırlığı, maddi-texniki bazasının daim yenilənməsi və ən əsası, hər bir əsgərin döyüş əzminin yüksəkliyi hər zaman prioritet oldu. Əgər belə olmasaydı, ilbəil orduya ayrılan vəsaitin həcmi artırılmazdı, maddi-texniki baza daha da gücləndirilməzdi, yeni-yeni silah-sursat və hərbi texnika alınmazdı. Məhz bu proseslər sayəsində, həmçinin ölkədə hərbi sənayenin inkişafı ilə Azərbaycan Ordusu regionun ən güclü ordusuna çevrildi. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki bazası, intellektual potensialı inanılmaz dərəcədə inkişaf etdi. Bütün bunlar istər yerli, istərsə də beynəlxalq hərbi ekspertlərin Azərbaycan Ordusunu Cənubi Qafqazda ən mobil, ən yüksək döyüş hazırlığına malik bir silahlı qurum kimi dəyərləndirməsinə zəmin yaratdı.
Ötən 17 ildə ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrdə aparılan modernləşmə islahatları və bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin öz vədinə sadiqliyini təsdiq edir. Dövlət başçısı təhlükəsizlik siyasətini həyata keçirən və bu istiqamətdə praktik fəaliyyət göstərən orqan və qurumlar içərisində, ilk növbədə, ölkəmizin hərbi təhlükəsizliyinin qarantı olan ordu quruculuğu və Silahlı Qüvvələrin yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi istiqamətində çox gərgin, səmərəli və məqsədyönlü iş aparmaqdadır.
Yeni bir ordunun başqa bir silahlı birləşmə ilə döyüşdə bu qədər yüksək dəqiqlikli silahdan istifadə etməsi nümunəsini dünya hələ görməmişdi. Hücum dronlarının istifadəsinin miqyası və intensivliyi baxımından bu, dünya tarixində ilk idi. Hərbi mütəxəssislər deyirlər ki, indiyədək nə ABŞ, nə Rusiya, nə İsrail, nə də dünyanın hansısa başqa bir ölkəsi belə bir miqyasda dronlardan istifadə edib. Bu cür qarşıdurmalarda PUA-lar mübahisəsiz - filansız öz üstünlüyünü sübut edir. Azərbaycan PUA-larının hədəfi düşmənin hava hücumundan müdafiə qüvvələri, ardınca onun zirehli maşınları, yüksək səviyyədə qorunan hədəfləri və canlı qüvvəsi idi.
İkinci Qarabağ müharibəsində Azərbaycan həm də yeni təcrübə topladı. Çünki ordumuz bunadək, demək olar ki, belə miqyasda müharibədə iştirak etməmişdi. Sadəcə olaraq, bu sahəyə nəzəri baxımdan yanaşırdı. Vətən müharibəsində Zəfər qazanmağımızda böyük rolu olan amillərdən biri də Azərbaycan əsgər və zabitlərinin peşəkarlığı, yüksək mənəvi keyfiyyətləri, cəsurluğu, vətənpərvərliyi, inamı, şəxsi rəşadətləri, qələbə əzmi, döyüş əhvali-ruhiyyəsi idi.