Azərbaycan-Kamboca tərəfdaşlığının yeni üfüqləri
Arifə Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 258 saylı uşaq bağçası- körpələr evinin müdiri
Azərbaycanın xarici siyasəti coğrafi sərhədləri aşaraq Cənub-Şərqi Asiya regionu ilə bağlarını sıxlaşdırır. Oktyabrın 12-də Bakıda Prezident İlham Əliyev və Kambocanın Baş nazir Hun Manetin iştirakı ilə keçirilən sənəd mübadiləsi mərasimi iki ölkə arasında yeni tərəfdaşlıq dövrünün anonsudur. Bakıda atılan imzalar göstərir ki, münasibətlər artıq bəyanatlardan praktiki və hüquqi müstəviyə keçir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov və Kambocanın ticarət naziri xanım Çam Nimul tərəfindən mübadilə edilən "İkiqat vergitutmanın aradan qaldırılması" və "Ticarət-iqtisadi əməkdaşlıq haqqında Çərçivə" sazişləri biznes üçün maneələri aradan qaldırır. Bu sənədlər hər iki ölkənin investorları üçün hüquqi təhlükəsizlik yaradır, logistik imkanların və ticarət dövriyyəsinin artırılmasına yol açır.
Mərasimin humanitar tərəfi isə "yumşaq güc" diplomatiyasına əsaslanır. ADA Universitetinin rektoru Hafiz Paşayev və Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutunun prezidenti Fann Makara arasında imzalanan Anlaşma Memorandumu gənc diplomatların yetişdirilməsinə və akademik əməkdaşlığa xidmət edəcək. Bu gün tərəfdaşlıq edən gənclər, sabah iki ölkə arasındakı strateji əlaqələri idarə edənlər olacaqlar.
Bu diplomatik gediş Azərbaycanın çoxvektorlu xarici siyasətinin uğurudur. Ölkəmiz Avrasiyada qazandığı nüfuzu indi ASEAN regionunun mühüm aktoru olan Kamboca ilə ikitərəfli əlaqələrdə kapitallaşdırır. Liderlərin nümayiş etdirdiyi siyasi iradə Bakı və Phnom Pen arasında məsafələrin uzaq, hədəflərin isə ortaq olduğunu sübut edir.