Azərbaycan Cənubi Qafqazda sülhün təminatçısıdır
Hacıbala Abdulla
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu, 281 nömrəli tam orta məktəbin müəllimi
Rusiya Prezidenti Vladimir Putin avqustun 18-də Azərbaycana rəsmi dövlət səfərinə gəlib. Rusiya Prezidentinin avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə danışıqları baş tutub. Daha sonra isə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında mühüm sənədlər imzalanıb. Bunlar gələcəkdə də iqtisadi, siyasi, mədəni və ekoloji sahələrdə əməkdaşlığın inkişafına stimul verəcək. Sonra hər iki ölkə başçısı mətbuata bəyanatlarla çıxış ediblər.
Görüşdə ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik məsələlərinin daha da inkişaf etdirilməsi ilə yanaşı hazırda aktual olan regional və beynəlxalq məsələlər müzakirə olunub. Bu səfərin mühüm əhəmiyyəti həm də ondan ibarətdir ki, iki ölkə arasındaki əməkdaşlıq Cənubi Qafqazda sülhün və təhlükəsizliyin daha da möhkəmləndirilməsinə mühüm töhfə verə bilər. Çünki bu gün Bütün Cənubi Qafqazda sabitlik və təhlükəsizlik Rusiya ilə Azərbaycan arasındaki sıx qarşılıqlı fəaliyyətdən asılıdır.
Bu səfər Azərbaycanın bu regionda əsas söz sahibi olan dövlət, həmçinin strateji əhəmiyyətli layihələrin əsas iştirakçısı olduğunu təsdiq edir. İki ölkə arasında əlaqələr özünün pik nöqtəsinə çatıb və ikitərəfli münasibətlərimiz növbəti mərhələyə qədəm qoyub. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin üçdə ikisi Rusiyanın payına düşür və bu dövriyyə 2023-cü ildə rekord həddə çatmışdır. Həm ötən il, həm də bu ilin altı ayında əmtəə dövriyyəsində artım əməkdaşlığın böyük potensialından xəbər verir.
Artıq Azərbaycan həm regional, həm də qlobal səviyyədə bir çox layihələrin açar ölkəsinə çevrilib. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra tətbiq edilən sanksiyalar səbəbindən Moskva öz ticarətini daha çox Çin və Hindistan istiqamətində həyata keçirir. Bu baxımdan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin önəmi daha da artır və Azərbaycan burada əsas tranzit ölkə qismindədir. Prezident İlham Əliyevin də dediyi kimi, Şimal-Cənub layihəsi Bakı və Moskvanın dövlətlərarası münasibətlərində müstəsna əhəmiyyətə malikdir.
Prezidentlər Xəzər dənizindəki ekoloji vəziyyəti də müzakirə ediblər. Mümkün ekoloji fəlakətin qarşısını almaq üçün hansı yolların müəyyən edilməsi də gündəmdə olub. Bundan əlavə Azərbaycan və Rusiya Xəzərin şelfində potensial yeni layihəni birgə reallaşdırmağı da nəzərdən keçiriblər. Ölkəmizin başçısı, həmçinin qeyd edib ki, energetika sferasında həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyəti geniş təhlil etdik. Biz bu istiqamətdə fəal işləyirik və əminəm ki, gələcəkdə də fəaliyyətimizi əlaqələndirəcəyik.
Bu gün, həmçinin ölkələrimizin vətəndaşları arasında qarşılıqlı səyahətlər də artıb. Rusiya və Azərbaycanın müxtəlif şəhərləri arasında hər gün 20 reys həyata keçirilir. Hətta Sovet İttifaqı dövründə bu qədər qarşılıqlı reyslər olmayıb.
Paralel olaraq Bakı və Moskva beynəlxalq platformalarda da uğurla əməkdaşlıq edir. Rəsmi Bakı Şanxay Əməkdaşlıq Təşkilatı və BRİKS-də öz rolunu artırmaq istəyir. Rusiya tərəfi də COP29-un Bakıda keçirilməsini dəstəkləyir.
Öz növbəsində V.Putin də vurğulayıb ki, Rusiya gələcəkdə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına, əldə olunmuş üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli köməklik göstərəcək.
Beləliklə bir daha qeyd etmək lazımdır ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən müdrik və uzaqgörən diplomatiya sayəsində Rusiya ilə balanslı və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin nəticəsi olaraq Azərbaycan qarşısında duran tarixi missiyaları, xüsusən də ərazi bütövlüyü məsələsini uğurla həll edib.