Prezident İlham Əliyevin Astanada keçirilən MDB-nin növbəti görüşündə iştirakının əhəmiyyəti
Şəfəq İbişova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı rayon 76 nömrəli tam orta məktəbin direktoru
Məlum olduğu kimi, oktyabrın 14-də Astanada MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi kimi bütün dünya tərəfindən tanındığını vurğulayan dövlət başçımız qeyd edib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi səbəbindən biz özünü müdafiə hüquqlarımızdan istifadə edərək münaqişəni özümüz həll etməli olduq.
Prezident İlham Əliyev Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişelin təşəbbüsü və Fransa prezidenti Makronun iştirakı ilə oktyabrın 6-da Praqada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşün məqsədinin xoşməramlı olduğunu bildirib. Lakin Praqa görüşündən təxminən bir həftə sonra Fransa prezidentinin təhqiramiz, yalan və təxribat xarakterli bəyanatlar verməsi səbəbindən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında Fransanın hər hansı rol oynamasının mümkünsüz olduğunu qeyd edib.
2022- ci ilin sentyabr ayında Azərbaycan-Ermənistan sərhədində qarşıdurmaların olduğunu vurğulayan prezident qeyd edib ki, silahlı münaqişələrin səbəbləri bəllidir. Azərbaycana qarşı terror, xüsusilə mina terroru və snayper hücumları davam edir.
İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra işğal zamanı basdırılmış minaların partlaması nəticəsində 250-dən çox Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb. Bütün bunlara baxmayaraq cənab Prezident Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyinin Azərbaycan Konstitusiyasına uyğun olaraq təmin ediləcəyini bildirməklə Azərbaycanın demokratik, hüquqi dövlət olduğunu bir daha bütün dünyaya nümayiş etdirmiş oldu.