Təranə Qəhrəmanova
Yeni Azərbaycan Partiyasının təəssübkeşi
Suraxanı rayonu 290 nömrəli tam orta məktəbin tarix müəllimi
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin əsas məqsədi, beynəlxalq hökumətlərarası təşkilat olaraq, türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım etməkdir. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə Görüşü zamanı çıxışında bildirib ki, Azərbaycan Türk dünyasının sıx birləşməsinə həmişə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaq. Türk dünyasının böyük bir ailə olduğunu deyən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qeyd edib: “Biz bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməliyik. Siyasi, iqtisadi, ticari, mədəni, nəqiliyyat-energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığı fəallaşdırmalıyıq”.
Türkiyənin hərbi sənayesi çox inkişaf edib və dünyada xüsusi yerə malikdir. Artıq ölkəmizdə keçirilən hər sərgidə Türkiyə özünün inkişaf etdirdiyi müasir silah və sursatları nümayiş etdirir. Azərbaycan müdafiə sənayesi sahəsində silahların ixracına da nail olmuşdur. Bu da çox böyük nailiyyətdir.
Cənab Prezident İlham Əliyev Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə bildirib ki, ikinci Qarabağ müharibəsinin başa çatmasından iki il keçməsinə baxmayaraq Ermənistan sərhəddə hərbi təxribatlarını davam etdirir. Dövlət başçısı sentyabrda Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın hərbi təxribatının qarşısını almaq üçün əks hücum əməliyyatını başlatmağa məcbur olduğunu da vurğuladı. Görünür ki, Ermənistan 44 günlük Vətən müharibəsindən ciddi nəticə çıxartmayıb. Bu ilin oktyabr ayında Praqada və Soçidə qəbul edilmiş birgə bəyənatlarda Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü rəsmən tanıyıb. Bu bir daha onu göstərir ki, Qarabağ münaqişəsi tarixdə qaldı. Ancaq təəssüflər olsun ki, Ermənistan yenə də öz təxribatlarından və işğalçı siyasətindən əl çəkmir.
Bu gün Prezident İlham Əliyevin xususi diqqət və qayğısı nəticəsində işğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri həyata keçirilir, dağıdılmış məscidlər, kilsələr bərpa olunur. Bu işdə Türkiyə şirkətlərinin böyük xidməti danılmazdır. Bununla yanaşı azad edilmiş ərazilərimizin bərpasnda Özbəkistan və Qazağıstanın da iştirakı, türkdilli dövlətlərin dəstəyi təqdirəlayiqdir.