Avropa İttifaqı və Azərbaycan Respublikası strateji tərəfdaşdır

Avropa İttifaqı və Azərbaycan Respublikası strateji tərəfdaşdır

Südabə Abdullayeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 279 nömrəli tam orta məktəbin direktoru

2026-cı il martın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Azərbaycan Respublikasında, Bakıda görüşüb. Prezidentlər Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının strateji əhəmiyyətini vurğulayaraq, təhlükəsizlik, enerji və nəqliyyat sahələri də daxil olmaqla, son dövrdə keçirilmiş yüksəksəviyyəli görüşlərin müsbət dinamikasına əsaslanaraq siyasi dialoqun və praktiki əməkdaşlığın daha da dərinləşdirilməsinə sadiqliklərini ifadə ediblər. Bu əməkdaşlıq hər iki tərəfin ortaq maraqlarını əks etdirir, bütün Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarında sülhün, sabitliyin, daşımaların və davamlı inkişafın təşviqinə töhfə verir.  

Prezidentlər uzunmüddətli vacib enerji tərəfdaşlığını xatırladaraq, Avropanın enerji təchizatının şaxələndirilməsində etibarlı tərəfdaş kimi Azərbaycanın rolunu etiraf ediblər və 2022-ci ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun davamlı icrasına sadiqliklərini bildiriblər. Onlar Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının əhəmiyyətini, külək və Günəş enerjisi də daxil olmaqla, bərpaolunan enerji mənbələri sahəsində enerji əməkdaşlığının genişləndirilməsi potensialını, həmçinin Qara dəniz sualtı kabeli layihəsi kimi qarşılıqlı elektrik enerjisi bağlantısı təşəbbüslərini qeyd ediblər.

Bərpaolunan enerji mənbələri sahəsində enerji əməkdaşlığının genişləndirilməsi Avropa ilə əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycan 2030-cu ilə qədər bərpa olunan enerjinin quraşdırılmış gücdə payını 30%-ə çatdırmağı hədəfləyir və enerji keçidinin hazırkı tempini qoruyaraq 2027-ci ilə qədər bu hədəfə çatmağı planlaşdırır. Ölkəmiz bu hədəfə çatmaq üçün yaşıl enerji gündəliyininin məzmununu zənginləşdirir.

17 dekabr 2022-ci ildə Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu layihə Xəzər regionunda istehsal edilən bərpaolunan enerjinin Qara dəniz üzərindən Avropaya ötürülməsini nəzərdə tutan yeni enerji dəhlizinin yaradılmasına yönəlib və Azərbaycan–Avropa enerji əməkdaşlığında mühüm strateji layihələrdən biri hesab olunur.

Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatını, bərpaolunan enerji mənbələrinin təşviqini, enerji səmərəliliyini, hidrogen istehsalını, metan emissiyalarının azaldılmasını və ətraf mühitin qorunmasını əhatə edir. Azərbaycanla enerji tərəfdaşlığı Avropanın təmiz enerjiyə keçidinə paralel olaraq inkişaf edir.

Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu həm hazırkı dövrdə əməkdaşlığın inkişafına istiqamət verir, həm də gələcək üçün bu sahədə fəaliyyətin əsas istiqamətlərini müəyyən edən bir növ yol xəritəsi rolunu oynayır. Bu əməkdaşlığın uğurla irəliləməsi ölkəmiz üçün nikbin proqnozlar verməyə möhkəm bünövrə formalaşdırır.