“ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır

“ASAN xidmət” sistemi bu gün dünyada artıq Azərbaycan brendi kimi tanınır
İxdiyar Nəcəfov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı Rayonu, Qaraçuxur bələdiyyəsinin sədri
Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakter daşıyır, həm ölkəmizi gücləndirir. Bəyan olunmuş bütün hədəflər - insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilir.
Salyanda açılan “ASAN xidmət” mərkəzi, sayca 25-ci mərkəzdir. “ASAN xidmət” mərkəzlərində göstərilən xidmətlər əhali tərəfindən rəğbətlə qarşılanır və bəyənmə əmsalı 99,8 faizdir. Artıq ASAN modelini bir neçə ölkə tətbiq edir. Son 10 il ərzində 61 milyon müraciət olmuşdur. Bu xidmətin yaradılması faktiki olaraq ictimai xidmətlər sahəsində bir inqilab idi, bir dönüş nöqtəsi idi və hazırda 300-dən çox xidmət göstərilir. “ASAN xidmət” Azərbaycanın intellektual məhsulunun bir nümunəsidir.
Ölkəmiz dinamik şəkildə inkişaf edir. Olimpiya İdman Kompleksi, uşaq xəstəxanası, doğum evi, elektrik təchizatı ilə bağlı rəqəmsal idarəetmə mərkəzi, digər tədbirlər, iş yerlərinin yaradılması ilə bağlı olan addımlar, o cümlədən Neftçala rayonunda böyük balıqçılıq təsərrüfatının açılışı – bütün bunlar onu göstərir ki, ölkəmiz dinamik şəkildə inkişaf edir, sosial siyasət uğurla icra olunur.
Bütün bərpa və quruculuq işləri plan üzrə gedir. Hazırda Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir. Otuz il ərzində Ermənistan işğal etdiyi torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz - bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün. Ona görə müharibə başa çatan kimi dərhal işə start verilmişdir.
Artıq icra olunmuş iki layihə bütün Azərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq. Hazırda artıq iki yaşayış məntəqəsində keçmiş köçkünlər yaşayır - Ağalı və Talış kəndlərində. Bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur.
Ermənistanda revanşist qüvvələr yenə baş qaldırır. Biz istənilən vəziyyətə hazır olmalıyıq və elə bir ordu yaratmalıyıq ki, dünya miqyasında nümunəvi olsun və ən güclü ordulardan biri olsun. Bu gün də Azərbaycan Ordusu güclüdür. Biz gücümüzü döyüş meydanında göstərmişik. Biz döyüş meydanında həm Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik, eyni zamanda, hərbçilərimizin peşəkarlığını və hərbi potensialımızı göstərdik.
Müharibədən sonrakı iki il yarım ərzində də ordu quruculuğu məsələlərinə çox böyük diqqət göstərilib. Bugünkü Azərbaycan Ordusu 2020-ci ildə Zəfər çalmış eyni Azərbaycan Ordusundan qat-qat güclüdür. İndi dünya miqyasında bir çox yerlərdə iqtisadi böhranın, siyasi böhranın, hərbi böhranın hökm sürdüyü bir vaxtda Azərbaycan onsuz da rekord həddə olan dövlət büdcəsini daha da artırır və bizim büdcə xərclərimiz bu artımdan sonra yeni rekord qıracaq və ən azı 36 milyard manata çatacaqdır.
Qarabağda və Şərqi Zəngəzurda gedən işlərlə bağlı müntəzəm olaraq ictimaiyyətə məlumat verilir. İnfrastruktur layihələrinin icrası, dəmir yolları, avtomobil yolları, elektrik enerjisi ilə bağlı olan təchizat, su təchizatı, meliorativ tədbirlərlə bağlı olan bütün layihələr plan üzrə gedir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü hava limanının inşası davam edir.
Keçmiş köçkünlər bu ilin yay aylarında Laçın şəhərinə qayıdacaqlar. Son planlara görə, ancaq fərdi evlərin sayı 570 olacaq. 140-dan çox mənzil hazır olacaqdır. Beləliklə, 700-dən çox ailə bu ilin yay aylarında Laçın şəhərində yerləşdiriləcəkdir.
İşğaldan azad olunmuş ərazilərin bərpası sürətlə davam edir. Şuşa şəhərində birinci yaşayış kompleksi uğurla inşa edilir. İkinci böyük yaşayış kompleksinin, yəni, bir çox evlərdən ibarət layihənin təməli yaxın zamanlarda qoyulacaq. Ağdam, Füzuli, Zəngilan şəhərlərində yaşayış binalarının inşası plan üzrə gedir, Kəlbəcər və Cəbrayıl şəhərlərində isə buna hazırlıq işləri görülür. Bununla paralel olaraq məktəblər, xəstəxanalar, sosial obyektlər, məscidlər - 10-dan çox məscid yenidən tikilir və ya əsaslı şəkildə təmir edilir. Cəmi iki məscid təmir edilir. Çünki qalan məscidlərin hamısı ermənilər tərəfindən yerlə-yeksan edilmişdir.
Azərbaycan tərəfindən danışıqlarla bağlı irəli sürülmüş təşəbbüslər bu gün əsas amildir. Çünki işğala, erməni vəhşiliyinə, barbarlığına baxmayaraq, məhz Azərbaycan təklif etmişdir ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalansın və məhz Azərbaycan məlum beş prinsipi ortaya qoymuşdur. Bu prinsiplər beynəlxalq hüququn norma və prinsiplərinin təməl prinsipləridir.
Nəticə etibarilə Ermənistan bizim yanaşma ilə razıdır. Çünki başqa variant da yoxdur. Məhz buna görə keçən ilin oktyabr ayında Praqa və Soçi görüşlərində Ermənistan Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini rəsmən qəbul edib. Qəbul edib ki, Azərbaycan ilə Ermənistan arasında sərhədlər - 1991-ci ilin Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır. Bu rəsmi addımı atmaqla Ermənistan rəsmən Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyıb.
Hazırda özləri üçün qondarma adlar uyduran separatçılar bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz. Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar.
Hazırda Qarabağda yaşayan erməni əhalisinin əksəriyyəti Azərbaycan vətəndaşlığını qəbul etməyə hazırdır. Sadəcə olaraq, separatçılar qoymurlar. Qoymurlar ki, bu insanlar rahat yaşasınlar, 30 il bunları girov kimi saxlayıblar.