Anım Günü — yalnız hüzn və kədər günü deyil
Aynurə Namazova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Qurban Abbasov adına Mədəniyyət Sarayının mədəni maarif işləri üzrə metodisti
Tarixin elə anları var ki, onlar sadəcə təqvim vərəqi deyil, bir millətin yenidən doğuluş xronikasıdır. Azərbaycan xalqı üçün 27 Sentyabr sadəcə payızın ilk günlərindən biri deyil; o, otuz illik həsrətə, sinəmizə dağ çəkən işğala və haqsızlığa qarşı başladığımız müqəddəs yürüşün — Vətən Müharibəsinin başladığı gündür. Bu gün həm də canını bu torpağın hər qarışı üçün fəda etmiş qəhrəmanlarımızın Anım Günüdür.
Şəhidlik sıradan bir ölüm deyil. O, insanın öz varlığını xalqın gələcəyinə, millətin namusuna və dövlətin rəmzi olan bayrağa həsr etməsinin ən ali, ən uca məqamıdır. Bu gün bizim üçün şəhidlərimiz sadəcə dərsliklərdə, xatirə kitablarında qalan adlar deyil. Onlar bu gün azad olunmuş torpaqlarımızın havasında, Şuşanın dumanında, Xankəndinin küçələrində, Kəlbəcərin dağlarında yaşayan əbədi ruhlardır. Onların hər biri bir evin tək çırağı, bir ananın göz bəbəyi idi. Lakin Vətənin qaranlıq gecəsini aydınlatmaq, bu milləti zülmətdən qurtarmaq üçün özlərini şam kimi yandırdılar və Azərbaycanın gələcəyini nura qərq etdilər.
Anım Günü — yalnız hüzn və kədər günü deyil. Bu gün həm də milli qürur, minnətdarlıq və xalq olaraq birliyimizə içdiyimiz and günüdür. Şəhid analarının dik və təmkinli duruşu, şəhid atalarının boğazı qəhərlənsə də, uca səslə "Vətən sağ olsun!" nidası, qazilərimizin itirdikləri sağlamlıqlarına rəğmən gözlərində bərq vuran o zəfər parıltısı bizə hər an üzərimizdəki böyük məsuliyyəti xatırladır. Biz bu azadlığı, bu başıucalığı kimlərə borclu olduğumuzu heç bir zaman unutmamalıyıq.
Onların bizə əmanət etdiyi azad Qarabağ və Şərqi Zəngəzur indi yeni bir dövrün — quruculuq və dirçəliş erasının tam mərkəzindədir. Bu gün azad edilmiş torpaqlarımızda məğrurcasına dalğalanan üçrəngli bayrağımız şəhidlərimizin ruhuna ən böyük töhfə, ən uca ehtiramdır. O torpaqlara "Böyük Qayıdış"la yenidən həyatın nəfəs verməsi, müasir yolların çəkilməsi, dağıdılmış şəhərlərin küllərindən yenidən doğulması və ən əsası — körpə gülüşlərinin yenidən o dağlarda əks-səda verməsi şəhidlərimizin əziz xatirəsinə bəslədiyimiz ən ali hörmətdir.
İllər, əsrlər keçəcək, nəsillər bir-birini əvəz edəcək. Lakin 2020-ci ilin o unudulmaz 44 günü və 27 Sentyabr Anım Günü Azərbaycan xalqının yaddaşından, bu torpağın genetik kodundan heç vaxt silinməyəcək. Gələcək nəsillər bu torpaqların hər qarışının necə böyük, necə ağır bir qiymətə — qanla, canla alındığını bilməli, bu müqəddəs Zəfəri göz bəbəyi kimi qorumalıdırlar.
Hər il sentyabrın 27-də saat 12:00-da ölkə miqyasında elan olunan bir dəqiqəlik sükut zamanı biz sadəcə dayanıb zamanı dondurmuruq. Biz həm də bir millət olaraq öz köklərimizə, birliyimizə, dövlətimizə və Vətənə olan sonsuz sevgimizə bir daha sədaət andı içirik.
Qəhrəman şəhidlərimizin əziz xatirəsi qarşısında baş əyir, qazilərimizə şəfalar diləyirik. Şəhidlərimizin ruhu şad, məkanı cənnət olsun!