Tarix Yazan Zəfər və Qayıdışın Şuşa Salnaməsi
Kəmalə İbrahimova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 327 nömrəli tam orta məktəbin direktoru
Azərbaycanın dilbər guşəsi, mədəniyyətimizin beşik qalası olan Şuşa 2020-ci il noyabrın 8-də öz azadlığına qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər Xiyabanından xalqımıza müjdələdiyi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" kəlamları hər bir azərbaycanlının qəlbində əbədi qürur hissindən doğan bir nida kimi həkk olundu.
Zəfərə gedən bu şərəfli yolun əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdu. Ata vəsiyyətini şərəflə yerinə yetirən Dövlət Başçımızın rəhbərliyi və Rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində Şuşa əməliyyatı hərb tarixinə unikal bir qələbə kimi yazıldı. Beləliklə, 2020-ci il noyabrın 8-i Azərbaycanın şanlı Qələbə Günü kimi tarixdə əbədiləşdi.
Bu gün Şuşa yalnız azad olunmuş şəhər deyil; o, sürətlə bərpa olunan, yenidən məskunlaşan və mədəniyyət ocağı kimi dirçələn müasir bir mərkəzdir. Azadlıqdan dərhal sonra şəhərdə nəhəng infrastruktur layihələrinə start verildi: Zəfər yolu çəkildi, müasir yarımstansiyalar, xəstəxanalar, yaşayış kompleksləri və təhsil müəssisələri inşa olundu. Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planına uyğun olaraq I, II, III və IV yaşayış komplekslərinin təməlləri qoyuldu, yerli sakinlərin doğma ocaqlarına qayıdışı — Böyük Qayıdış fəal şəkildə təmin edildi.
Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Çöl Qala və Daşaltı məscidləri əsaslı təmirdən sonra bərpa olundu, şəhərdə yeni möhtəşəm dini abidələrin inşası davam etdirildi. İşğal illərində güllələnmiş dahi şəxsiyyətlərimizin büstləri isə öz əzəli yerlərinə qaytarıldı.
Şuşa həm də beynəlxalq diplomatiyanın və mədəniyyətin qlobal mərkəzinə çevrildi. Qədim şəhərimiz müxtəlif illərdə "Türk dünyasının mədəniyyət paytaxtı", "İslam dünyasının mədəniyyət paytaxtı" və "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı" elan edildi. Cıdır düzündə yenidən alovlanan Novruz tonqalı, yenidən təşkil edilən "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalı və Vaqif Poeziya Günləri şəhərin mədəni nəbzini tamamilə bərpa etdi. Türkiyə ilə imzalanan müttəfiqlik haqqında tarixi Şuşa Bəyannaməsi və Şuşa Qlobal Media Forumları bu qədim torpağın siyasi çəkisini bir daha bütün dünyaya nümayiş etdirdi.
Bu gün Şuşa azaddır, dirçəlir və doğma sakinlərinə qucaq açır. Bu böyük Zəfəri bizə yaşadan şəhidlərimizin ruhu şad, qazilərimiz var olsun!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!