Ağdamın bütün binalarının daşları tək-tək dağıdılıb, sökülüb, oğurlanıb və satılıb

Ağdamın bütün binalarının daşları tək-tək dağıdılıb, sökülüb, oğurlanıb və satılıb

Nəzakət Həmzəyeva

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 101 nömrəli tam orta məktəbin müəllimi

Prezidentimiz öz çıxışında qeyd edib ki, təxminən 30 il boyunca Ağdamın bütün binalarının daşları tək-tək dağıdılıb, sökülüb, oğurlanıb və satılıb: “Siz görə bilərsiniz ki, yeganə yarım dağıdılmış bina Cümə məscidinin binasıdır. Amma onun ermənilərin keçmiş işğal altındakı ərazilərdə dağıtdığı digər məscidlər kimi dağıdılmamasının səbəbi minarələrindən Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün müşahidə məqsədilə istifadə edilməsi olub. Amma bizim ermənilərin inək və donuz saxladığı Ağdam məscidinin murdarlanmasına dair video və foto dəlillərimiz var.

İşğal dövründə Ağdamı talan edib dağıdan erməni vandalları yaşıllıqları da məhv edib, bioloji müxtəlifliyə, regionun ekoloji durumuna ciddi ziyan vurublar. Ağdam Qarabağın ən gözəl, ən müasir şəhərlərindən biri olub. Bu gün Ağdamın o gözəlliyinin yerində xarabalıq görmək bizi çox incidir. Vəhşi, bəşəriyyətin üz qarası olan erməni vandalları Ağdamı yerlə-yeksan eləyib. Hətta faşist Almaniyası, Hitler belə zəbt etdiyi əraziləri bu cür viran qoymamışdı. Nə edək ki, biz həm də şərəfsiz, ləyaqətsiz düşmənlə üz-üzəyik. Erməni mənfurlarının işğalının, vəhşiliyinin adı yoxdur.

Əslinə qalanda bu gün əvvəlki Ağdamın özü də yoxdur. Yəni cismi gedib, ruhu qalıb. Və düzü, Ağdamın 27 illik işğal dövründə onu yaddaşımızda alınmaz bir qala kimi qoruyub şüurumuza, qanımıza yeridən də o ruh olub. Hə, o ruh həmişə olub, var və bundan sonra da olacaq. Ağdam rayonunda demək olar ki, salamat bina, tikili qalmamışdır.

Şəhər sözün əsl mənasında  “Ruhlar şəhəri”nə çevrimişdir. O ki qaldı yox olan Ağdamın cisminə, o da 2020-ci ilin noyabrın 20-dən üzü bu yana hər an, necə deyərlər, geri qayıdır. Amma görünən odur ki, bu proses çox uzun zaman aparacaq. Məlum, ermənilər işğal dövründə tək binaları, dəbdəbəli evləri yox, adi kasıb daxmasını da salamat saxlamayıblar. Ona görə də bu faktla barışmaq çətin olsa da, deməliyik ki, artıq köhnə Ağdama qayıtmaq mümkün olmayacaq. Amma yeni Ağdam da köhnədən gözəl olacaq!

Hazırda Ağdam inkişaf yoluna qədəm qoymuş və əhali sabaha ümidlə baxır. Dövlət proqramları Ağdamda uğurla icra olunur. Prezident İlham Əliyevin işğaldan azad edilmiş rayonlara hər səfəri bir sıra infrastruktur layihə üzrə təməlqoyma, eləcə də tikilib başa çatdırılmış obyektlərin açılışı ilə müşayiət olunur.

Bir sözlə, yeni Ağdam sevinclə doğma övladlarına qucaq açmağa hazırlaşır. Vətən torpaqlarımızın qətiyyətlə azad olunması, sonra isə dirçəldilməsi üçün görülən bütün müstəsna işlər isə vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən qayıdış strategiyasının Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük müvəffəqiyyət və əzmlə həyata keçirilməsinin möhtəşəm nəticəsidir.

Əminik ki, Ağdamda hər daş üstünə daş qoyulduqca, onun əvvəlki acı mənzərəsinin yerinə müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi ilə canlanmış gözəl Ağdam keçəcək. Ağdam düşmənə gözdağı kimi dikəlir, dostlara sevinc gətirir. Tarixlər şahidi Soltanbud təpəsinin zirvəsindəki üçrəngli bayrağımız, sanki, düşmənə güc və əzəmətimizi nümayiş etdirir, soydaşlarımızın yurd sevgisini və böyük ümidlərini dalğa-dalğa ətrafa yayır.

.