Ağdamda Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır

Ağdamda Azərbaycanın üçrəngli bayrağı qürurla dalğalanır

Şəbnəm Zeynalova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 270 nömrəli tam orta məktəbin kitabxana müdiri

Mövcudluğundan bəri Azərbaycan torpaqları daim qonşu ölkələr tərəfindən işğala məruz qalmışdır. Son 200 il ərzində isə bu proses daha da intensiv xarakter almışdır. 1988-ci ildən başlayan I Qarabağ müharibəsi işğalın ən pik nöqtəsi idi. Müharibə zamanı Azərbaycanın 20% torpaqları ermənilər tərəfindən işğal olundu və 1 milyondan çox azərbaycanlı öz yurd-yuvasından qovuldu. Ağdam rayonunun 77%-i də bu zaman ermənilər tərəfindən işğala məruz qaldı. Beləliklə 1993-cü il 23 iyul tarixindən bəri Ağdamın erməni əsarəti başlandı.

 1994-cü ildən bəri iki ölkə arasında atəşkəs elan olunmasına baxmayaraq erməni tərəfi dinc durmur, atəşkəsi daim pozurdular. Bu müddət ərzində ATƏT-in Minsk qrupu və BMT nümayəndələrinin danışıqları heç bir nəticə vermirdi. Bu danışıqları işğal müddətini uzatmaq və Azərbaycan xalqının səbr kasasını doldurmaqdan başqa bir işə yaramırdı.

İşğal müddətində ermənilər ərazini minaladığı üçün 250-dən çox dinc sakin həlak olmuşdur. Ermənilər Azərbaycan torpaqlarının özlərinə məxsus olduğunu iddia etmək üçün qədim tarixi abidələri dağıtmışdır. İşğal olunmuş ərazilərdə o cümlədən adı ağ, bəxti qara gətirən Ağdam ərazisi də dağıdılmışdır. Dünya isə bunu gördüyü halda susurdu.

27 sentyabr 2020-ci ildə erməni tərəfinin hücumları ilə başlanan 44 günlük müharibə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan əsgərinin şücaəti, Azərbaycan xalqının birliyi sayəsində Azərbaycanın qələbəsi ilə başa çatdı. Nəhayət Azərbaycan torpaqlarının 200 ildən bəri işğal  prosesi Azərbaycan torpaqlarının geri qaytarılması ilə başa çatdı. 10 noyabr 2020-ci ildə 3 ölkə arasında bağlanmış kapitulyasiya sənədinə əsasən müharibə başa çatdı. Ağdamın işğaldan azad olunması isə 20 noyabr 2020-ci ildə baş tutdu. Məhz bu gün müzəffər Azərbaycan ordusu Ağdama daxil oldu və Ağdamda Azərbaycanın üçrəngli bayrağı dalğalandı.

Uzun illər vətən həsrəti ilə yaşayan ağdamlılar bu günü səbirsizliklə gözləyirdilər və öz doğma yurd-yuvalarına qayıdacaqları günün həsrətini çəkirdilər. Bir az da dözmək lazım idi. Ermənilər Azərbaycan torpaqlarında o cümlədən də, Ağdamda daşı daş üstündə qoymamışdılar. Ağdamın bərpa olunması lazım idi.

30 illik vətən həsrətini qübar edib köksündə uyudan xalqımın tarixi Azərbaycan torpaqlarına, öz doğma yurd-yuvalarına, o cümlədən adı ağ, bəxti qara yazılan Ağdama "Böyük qayıdışı" başlayır. Ağdam işğal olunmuş ərazilər içində ən çox minalanmış rayondur. Lakin bu hal belə, qayıdış üçün maneə ola bilmir.

2021-ci il mayın 28-də Ağdamın baş planı təsdiqlənib. Ağdamdakı bərpa və quruculuq işləri bu tarixdən sonra daha da geniş vüsət almışdır. 5 oktyabr 2022-ci il tarixində Prezidentin Ağdama növbəti səfəri baş tutmuşdur. Səfərin məqsədi indiyə qədər görülmüş işlərlə yaxından tanış olmaq, bununla bərabər yeni təməlqoyma mərasimləri həyata keçirmək idi.

 Hər şey yoldan başlayır. Bərdə-Ağdam avtomobil yolunun tikintisinin 75%-i tamamlanmışdır və bu yol 20 yaşayış məntəqəsini birləşdirir. Xaçınçay üzərində olan ermənilər tərəfimdən dağıdılan körpü yenidən tikilib istifadəyə verilmişdir. Prezidentin də dediyi kimi milli simvolumuz olan atlarımız Qarabağa qayıdacaq. Ağdamda tikilən Atçılıq nəsilartırma mərkəzi bunun bariz nümunəsidir. Prezident Xıdırlı, Kəngərli kəndi, şəhər mərkəzindəki yaşayış məhəllələrinin təməlqoyma mərasimində iştirak edib. Bundan başqa Ağdamda Xurşidbanu Natəvanın məbədinin açılışı, Bərdə-Ağdam dəmiryolunun təməlqoyma mərasimi baş tutmuşdur. Bir sözlə, ağdamlıların öz yurd-yuvalarına yenidən qovuşması üçün Prezident bütün mümkün tədbirlərin həyata keçirilməsini nəzərdə tutmuşdur.

Ulu öndər Heydər Əliyevin heç bir əziyyəti puç olmamış, onun siyasətinin layiqli davamçısı tərəfindən davam edərək növbəti nikbin mərhələyə qədəm qoymuşdur.