Biz cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq
Yazilə Qasımova
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
16 nömrəli Uşaq Poliklinikasının şöbə müdiri
İkinci Qarabağ müharibəsi 2020-ci il Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Erməni işğalçılarının çoxsaylı təxribatlarının qarşısını almaq məqsədi ilə Azərbaycan Ordusu “Dəmir Yumruq” adı altında hərbi əməliyyata başladı. Bu əks-hücüm əməliyyatı 44 gün davam etdi. Yaddaşlara yazılan Vətən Müharibəsi noyabr ayının 10-da Azərbaycan Ordusunun qələbəsi ilə sona çatdı. 44 gün ərzində xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu. Uzun illərdən sonra nəhayət ki, ədalət bərqərar oldu.
Ordumuz bu qələbəyə Cənab Prezidentimiz İlham Əliyevin düzgün və qətiyyətli siyasəti sayəsində nail oldu. Hərbi əməliyyatların aparılmasında Ali Baş Komandan İlham Əliyevin müntəzəm olaraq çatdırdığı qələbə xəbərləri, işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin məhv edilən canlı qüvvəsi və hərbi texnikası barədə məlumatları ölkəmizin hər bir vətəndaşında qürur, fərəh hissi doğururdu. Qələbə xəbərini birbaşa Prezidentimizin bizə çatdırmağı hər bir azərbaycanlının yenilməz ordumuza inamını daha da gücləndirdi.
İkinci Qarabağ Müharibəsində Azərbaycanın qələbəsində dövlətimizin başçısının da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ən vacib məsələlərdən biridir. İkinci Qarabağ müharibəsi bu sahədə də böyük uğurlar əldə edildiyni bir daha göstərdi. Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Xalqımız bu müharibə ilə bağlı əbədi qürur hissi keçirəcəkdir.
Eyni zamanda, Prezident, Ali Baş Komandan İlham Əliyev qalib sərkərdə, Azərbaycan Silahlı Qüvvələri güclü ordu, xalqımız isə böyük, məğrur, yenilməz olduğunu bir daha təsdiqlədi.
Prezident İlham Əliyev “Bizim Qələbəmiz təkcə xalqımızın qələbəsi deyil, bütün türk dünyası bizim qələbəmizlə fəxr edir. Biz yeni reallıq yaratmışıq. Biz qan tökərək, cəsarət göstərərək, düşməni qovaraq yeni reallıq yaratmışıq. Bu gün hər kəs bizimlə hesablaşmalıdır və hesablaşacaqdır.” Bu müdrik sözlər xalqımızın ruhunun ifadəsidir.
Ümumiyyətlə, 27 sentyabr - 9 noyabr 2020-ci il ikinci Qarabağ müharibəsi nəticəsində 5 şəhər, 4 qəsəbə və 286 kənd Ermənistan işğalından azad edilib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sürətli bərpa-yenidənqurma işləri aparılır. Bu isə bütün dünyanı ölkəmizə bir daha heyran qoyur. Artıq əzəli və əbədi torpaqlarımızda bərpa olunacaq müasir iqtisadi və texnoloji innovasiyaların tətbiqi barədə Müzəffər Ali Baş Komandanımız İlham Əliyev öz fikirlərini bildirib. Bölgələrin abadlaşdırılması, quruculuq işlərinin həcmi ölkəmizin iqtisadi gücünü bir daha nümayiş etdirir. Həmçinin yeni infrastruktur layihələr sayəsində Avrasiyaya yeni nəqliyyat damarının açılması Azərbaycanın tranzit ölkə kimi nüfuzunu qaldıracaqdır.
Gücümüzü bütün dünyaya göstərən, torpaqlarımızı düşmən tapdağıdan azad edən, Azərbaycanı bütövləşdirən, “Dəmir yumruq” əməliyyatının şərəfinə Xocavənd rayonunun Hadrut qəsəbəsində abidə ucaldılıb.