Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb

Ağdam şəhəri işğal dövründə tamamilə dağıdılıb
"Dental Clinic" stomatoloji mərkəzin direktoru
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
44 günlük Vətən Müharibəsi yalnız qəhrəman Azərbaycan Ordusunun qələbəsini deyil, eyni zamanda erməni vandalizmini də bütün çılpaqlığı ilə ortaya qoydu. Ermənistanın Azərbaycanın vaxtilə işğal etdiyi şəhər və kəndlərində, o cümlədən Ağdamda etdiyi barbarlıqlar sözlə ifadə edilməyəcək qədər dəhşətlidir.  30 ilə yaxın davam edən işğal dövründə Ermənistan tərəfindən Azərbaycana məxsus yüzlərlə dini, tarixi və mədəni abidə vəhşicəsinə məhv edilib. Cənab Prezident də dəfələrlə öz çıxışlarında vurğulayıb ki, biz Vətən müharibəsində həm də erməni faşizminə qalib gəlmişik.  Ermənilər ərazilərin onlara məxsus olmadığını bildikləri üçün şəhərlərimizi xarabalığa çeviriblər.  Prezident cənab İlham Əliyev hər dəfə işğaldan azad olunan rayonlara səfər edərkən ermənilərin həmin rayonda törətdiyi vəhşilikləri bir daha ifşa edir.

Oktyabrın 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumundakı çıxışında erməni vəhşiliyini bir daha dünya ictimaiyyətinə çatdıran  Prezident cənab İlham Əliyev vurğulayıb: “Ağdama xoş gəlmisiniz. Mən çox şadam ki, biz Azərbaycan Milli Şəhərsalma Forumunu burada - Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil edirik. İndi görə bilərsiniz ki, bir zamanlar həyat dolu olan şəhərdən heç nə qalmayıb. O, dağıdılıb, işğal dövründə dağıdılıb. Ağdamda gördüklərinizi Qarabağ ərazisində hər bir kənddə görə bilərsiniz. Bilirəm ki, qonaqlarımız buraya təyyarə ilə yeni tikilmiş Füzuli Hava Limanına gəliblər. Füzuli şəhəri tamamilə dağıdılıb. Bir tikili belə qalmayıb. Eynilə Cəbrayıl, eynilə Qubadlı, Zəngilan da. Bütün binaların dağıdılmadığı yeganə yerlər Şuşa, Laçın və qismən Kəlbəcər olub. Lakin bunun səbəbi odur ki, Ermənistan dövləti müxtəlif ölkələrdən olan erməniləri işğal edilmiş ərazilərdə yerləşdirmək üçün qanunsuz məskunlaşma siyasəti yürüdürdü. Bu, beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulması hesab olunur.” Konfransda Prezidentin verdiyi mühim ismarıcları beynəlxalq çevrələr tərəfindən lazımınca qiymətləndirilir. Daha sonra Praqa görüşü və ölkəmizə olan münasibət sübut edir ki, Azərbaycan artıq dünya miqyasında qəbul olunan dövlətdir.

Ermənistan bizim torpaqlarımızı işğal edərək bütün infrastrukturu dağıdıb. Lakin bütün bunlara baxmayaraq Ağdamda aparılan sürətli quruculuq Qarabağın sənaye zonasına çevrilməsinə səbəb olacaq. İşğaldan azad edilmiş Ağdam rayonu bu gün geniş tikinti meydançasını xatırladır, tarixi Zəfərdən sonra bərpa işləri dayanmadan, sürətlə davam etdirilir. Bu işlərlə yanaşı, Azərbaycanın digər regionlarının inkişafına böyük diqqət ayrılır. Ağdam rayonunda həyata keçirilən quruculuq və bərpa işləri Prezident İlham Əlyevin böyük qayıdışıla bağlı xalqımızın 30 illik arzularının gerçəkləşdirilməsinin göstəricisidir. Prezident, Ali Baş Komandan İlham Əliyev, birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam rayonuna indiyədək bir neçə dəfə səfər edib və mühüm layihələrin təməllərini qoyublar. Ağdama növbəti səfər bu bölgədə tikinti-dirçəliş işlərinin ahəngdarlığının daha da artdığını və Ağdamın nəzərdə tutulduğundan da sürətlə "Böyük Qayıdış"a hazırlaşdığını göstərir. Artıq cəmi bir il keçməsinə baxmayaraq, burada ən zəruri kommunikasiya və sosial infrastrukturların inşası başa çatdırılıb.