ABŞ ilə "Strateji Tərəfdaşlıq" haqqında Xartiya altı aylıq çox gərgin işin təzahürüdür
Rəşad Mürşüdov
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı Rayon İcra Hakimiyyətinin Zığ QİƏD-nin nümayəndəsi
Çağdaş müstəqilliyimizin banisi Ulu Öndər Heydər Əliyevin uğurlu yolunun ən uğurlu davamçısı möhtərəm prezidentimiz İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycan regional və qlobal miqyasda etibarlı tərəfdaş kimi tanınır. Əlbəttə, ABŞ kimi dünyanın nəhəng aparıcı dövləti ilə strateji tərəfdaşlıq səviyyəsində münasibətlərin rəsmiləşdirilməsi Azərbaycanın artıq beynəlxalq aləmdə artan çəkisinin, mühüm mövqeyinin parlaq təzahürüdür.
Bu mənada, Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında Strategi Tərəfdaşlıq Xartiyasının imzalanması beynəlxalq miqyasda növbəti uğurlu nəticədir.
Hansı ki, bu Xartiyada hər iki tərəfin bir-birinin suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə hörmətinin bir daha təsdiqlənməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının beynəlxalq hüquqa əsaslanan möhtəşəm dövlətçilik siyasətinin parlaq təcəssümüdür. Təbii ki, Azərbaycan bu prinsipləri artıq təkcə bəyanatlarda yox, real diplomatik sənədlərdə də möhkəmləndirir.
Fərəhli haldır ki, Sənəddə regional bağlantılar, Orta Dəhliz və Transxəzər nəqliyyat layihələrinə verilən xüsusi diqqət ölkəmizin geosiyasi və geoiqtisadi əhəmiyyətini bir daha ön plana çıxarır. Möhtərəm prezidentimizin təşəbbüsü ilə Azərbaycan artıq Şərqlə Qərbi birləşdirən etibarlı körpüyə çevrilib, hansı ki, bu xətt ABŞ tərəfindən də yüksək dəyərləndirilir.
Xartiyada TRlPP marşrutuna xüsusi yer ayrılması Azərbaycanın əsas hissəsinin Naxçıvan Muxtar Respublikası ilə maneəsiz bağlantı strategiyasının da beynəlxalq dəstək qazanmasının bariz nümunəsidir. Təbii ki, bu da möhtərəm prezidentimizin milli maraqları qlobal əməkdaşlıq formatında reallaşdırmaq məharətinin əyani sübutdur.
8 avqust 2026-ci il tarixli Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olan bu Xartiya həm də regionun beynelxalq ticarət və tranzit potensialını reallaşdıracaq multimodal bağlantı layihəsi kimi, Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutunun (TRlPP) mühüm əhəmiyyətini kəsb edir.
Prezident cənab İlham Əliyev çox gözəl qeyd edib: "Strateji Tərəfdaşlıq haqqında Xartiyanın bu gun imzalanması mərasimi heyətlərimizin altı ay ərzində gördüyü çox gərgin işin təzahürüdür...
Tramp-Vens administrasiyasının regionumuzdakı səylərinin mühüm nəticələrindən biri Beynəlxalq Sülh və Rifah naminə Tramp marşrutu -TRlPP layihəsidir ki, o nəinki Azərbaycanın iki hissəsini birləşdirəcək, o cümlədən Azərbaycan, Ermənistan və digər qonşuların ərazisi vasitəsilə Asiya və Avropanı birləşdirəcək çox etibarlı, təhlükəsiz və böyükmiqyaslı daşımalar dəhlizidir".
Enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi də möhtərəm Prezidentimizin uzaqgörən siyasətinin parlaq təzahürüdür.
Təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi ölkəmizin regional sülhə verdiyi töhfələrin beynəlxalq miqyasda tanındığını təsdiq edir. Azərbaycan Respublikasının Prezidentinin "sülh gündəliyi" bu gün beynelxalq tərəfdaşlıqlarla möhkəmlənməkdədir.
İki dövlət arasında əlaqələrin möhkəmlənməsi, maneələrə baxmayaraq, beynəlxalq və humanitar hüququ gözləməklə, Cənubi Qafqazda yaratdığı yeni tarixi reallıqsa, digər həlledici faktor iki dövlətin Liderləri arasında, diqqəti cəlb edən, qarşılıqlı etimad mühitidir. Bugünkü beynəlxalq durumda, dünyanın ən qüdrətli dövləti ilə strateji tərəfdaşlıq əlaqələrinə nail olmaq, dövlət maraqlarını və milli təhlükəsizliyi təmin etmək heç də asan deyil, Bu baxımdan, Vitse-prezident Dey.Di.Vensin regiona səfəri və Bakıda imzalanmış "Strateji Tərəfdaşlıq Xartiyası" bu səbəbdən də ciddi siyasi əhəmiyyət kəsb edir.
Ümumiyyətlə, Azərbaycan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası Prezident İlham Əliyev cənablarının uğurlu, düşünülmüş və milli maraqlara söykənən siyasətinin növbəti parlaq təzahürüdür. Bu sənəd Azərbaycan dövlətinin beynəlxalq mövqelərini daha da möhkəmləndirir, ölkəmizin sabit, güclü, etibarlı tərəfdaş kimi rolunu bir daha təsdiq edir.