“8 Mart” adına Mədəniyyət evi və Suraxanı rayonu Veteranlar Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər  Əliyevin 99 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

“8 Mart” adına Mədəniyyət evi və Suraxanı rayonu Veteranlar Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər  Əliyevin 99 illik yubileyinə həsr edilmiş tədbir keçirildi
07.05.2022-ci il tarixdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Yeni Suraxanı qəsəbəsi, “8 Mart” adına Mədəniyyət evi və Suraxanı rayonu Veteranlar Birliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər  Əliyevin 99 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə qonaq qismində Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, Suraxanı Kənd Ağsaqqallar Şurasının sədri Vaqif Alxasov, Yeni Suraxanı  Bələdiyyəsinin sədri Fikrət Quliyev, Suraxanı rayonu Veteranlar Birliyinin sədrinin köməkçisi Rəfi Babazadə, Suraxanı rayonu Veteranlar birliyinin təşkilatçısı Fikrət Tağıyev, Veteranlar birliyinin üzvü İsmayılov Hüseyn, ”Uğurlu yol” qəzetinin təsisçisi İlyas Rzayev, Suraxanı qəsəbəsinin ictimai siyasi həyatında fəal gənci Əliağa Quliyev iştirak etdilər.
Mədəniyyət evinin direktoru Vəfa Rəfiyeva öz çıxışında gələn qonaqlara təşəkkür etmiş və Ulu Öndərin Azərbaycan Mədəniyyətinə, elminə, tarixinə, siyasətinə və ən nəhayət ordu quruculuğuna verdiyi əvəzsiz töhfələrdən bəhs etmişdir. Tədbirdə həmçinin Suraxanı rayonu 89 saylı orta məktəb və Xəzər rayonu S.Rüstəm adına XDT-nin  gimnaziyasının şagirdləri də iştirak etdilər. Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir.
Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir. Təsadüfi deyil ki, ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illəri yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qalıb. Ulu öndərin ötən əsrin 70-80-ci illərində gənclərin respublikada və onun hüdudlarından kənarda yüksək səviyyədə təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür şərait yaradırdı.
Məlum olduğu kimi müasir dövrdə qadınların kişilərlə bərabər hüquqa malik olması, yüksək dövlət vəzifələrində çalışması, lider olması, təhsil alması olduqca vacibdir. Hələ, 1974-cü ildə “Azərbaycan qadını” jurnalının 50 illik yubiley təntənəsində ulu öndər Heydər Əliyev demişdi: “Biz çalışmalıyıq ki, ali məktəblərdə və texnikumlarda daha çox qadın təhsil alsın, elmi fəaliyyətlə məşğul olsun. Xüsusən, kənddə qadınlar və uşaqlar arasında bədən tərbiyəsi və idmanın daha da inkişaf etdirilməsi problemlərinə biz diqqətimizi xeyli artırmalıyıq”. Heydər Əliyev Azərbaycanla, onun tarixi və bu günü ilə bağlı biliklərin tədrisinə böyük önəm verir və bunu vətənpərvərlik tərbiyəsinin ən mühüm amili hesab edirdi. Bununla əlaqədar Heydər Əliyev belə demişdir: “Müstəqil Azərbaycanın hər bir gənci məktəbdə milli təhsil alaraq, öz xalqının, millətinin qədim zamanlardan indiyə qədər olan tarixini gərək yaxşı bilsin. Əgər bunu bilməsə o, həqiqi vətəndaş ola bilməz. Əgər bunu bilməsə o, millətini qiymətləndirə bilməz. Əgər bunu bilməsə o, millətinə olan münasibəti ilə istənilən səviyyədə fəxr edə bilməz”.
Ulu öndərin bu gün də yaşamaqda olan ideya-siyasi varlığına öz münasibətimizi təkcə iftixar hissi keçirməklə deyil, həm də bu ideya dünyasını öyrənmək, tədqiq etmək və həyata keçirməklə ifadə etməliyik. Əsas məsələ bu ideyalara sahib çıxan yeni nəslin yetişdirilməsidir.