Suraxanaı rayonunda "Əbədi Heydər Əliyev dühası” adlı tədbir keçirilib

Suraxanaı rayonunda "Əbədi Heydər Əliyev dühası” adlı tədbir keçirilib
10 dekabr 2024-cü il tarixində Suraxanı rayon Heydər Əliyev Mərkəzində Ümumilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Əbədi Heydər Əliyev dühası” adlı tədbir keçirildi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Novruz Əhmədzadə, YAP Suraxanı rayon təşkilatının məsləhətçisi Kürsüm Həsənova, mədəniyyət və təhsil müəssisələrinin nümayəndələri, şəhid ailələri, qazilər, veteranlar və məktəblilər iştirak etdi. Tədbir Ümumilli Lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıldı. Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Tədbirdə çıxış edən Suraxanı rayon Heydər Əliyev Mərkəzinin direktoru Xəyalə Mahmudova çıxış edərək bildirdi ki, mayası vətənə sevgidən, torpağa məhəbbətdən, xalqa xidmətdən yoğrulmuş Ulu Öndər Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyəti xalqımızın yaddaşında əbədilik qazanıb. O, təkcə Azərbaycan xalqının deyil, həm də dünya xalqlarının şəxsiyyətinə böyük rəğbət bəslədiyi bir siyasi lider idi. Ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini vermiş, dövlətimizin gələcək inkişaf strategiyasını müəyyən etmişdir.
Suraxanı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Novruz Əhmədzadə öz növbəsində qeyd etmişdir ki, Heydər Əliyevin müstəqil və demokratik Azərbaycan uğrunda apardığı mübarizə, Respublikanın ağır faciələrdən, siyasi, sosial – iqtisadi və mənəvi psixoloji böhrandan qurtuluşu naminə öz üzərinə götürdüyü missiya müxtəlif mərhələlərdən keçmişdir. Tarixi proseslərin sonrakı gedişi göstərdi ki, Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti kimi daim xalqına arxalanaraq və zəngin dövlətçilik təcrübəsinə, uzaqgörən siyasətinə söykənərək çox qətiyyətli, müdrik və effektli idarəçilik həyata keçirdi. 
YAP Suraxanı rayon Təşkilatının məsləhətçisi Kürsüm Həsənova çıxında bir sıra vacib məqamları vurğulayaraq bildirdi ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyini və milli inkişafını təmin etdi. Respublikamızda dövlət quruculuğu, siyasi plüralizm, vətəndaş cəmiyyəti və bazar iqtisadiyyatı prinsiplərini müəyyən edərək ölkəni dinamik inkişaf yoluna çıxardı. Öz adını xalqımızın dövlətçilik tarixinə Müstəqil Azərbaycanın banisi kimi həkk etdi. Və bu gün Ümumilli Liderin ideyaları Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirin bədii hissəsində 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri və 327 saylı məktəbin şagirdlərinin ifalarında Ulu Öndərlə bağlı şeirlər səsləndirildi. Gülarə Əliyeva adına musiqi məktəbinin müəllimi Rəşidə İsgəndərova pianoda və məktəbin şagirdi İmanlı Esmanur skripkada musiqilər ifa etdilər. Tədbir iştirakçıları mərkəzin ekspozisiya zalında Ümumilli Liderin zəngin irsini əks etdirən materiallarla tanış oldular.