50 ildən sonra Konqresin yenidən Bakıda keçirilməsi qürurvericidir
Könül İsmayılova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədr müavini
Suraxanı Rayonu 163 saylı körpələr evi və uşaq bağçasının müdiri
Azərbaycanın ilk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır. Bu dəfə ölkəmiz Konqresə müstəqil dövlət kimi ev sahibliyi edir. Bu, Azərbaycanın müasir texnologiyalar, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində qazandığı mühüm nailiyyətlərə beynəlxalq səviyyədə göstərilən yüksək diqqət və hörmətin parlaq göstəricisidir. Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi həm də ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik ictimaiyyət və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası (IAF) ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində misilsiz imkanlar yaradacaq. Son illərdə beynəlxalq tədbirlərin, siyasi toplantıların əsas ünvanlarından birinə çevrilən Azərbaycanın daha bir mötəbər tədbirə ev sahibliyi etməsi ölkəmizin siyasi nüfuzunun təzahürüdür.
Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılmış, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılmış, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılmış və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında bildirib ki, “Azərbaycan 10 ildən artıqdır ki, beynəlxalq kosmos klubunun üzvüdür. Bu gün bizim iki telekommunikasiya və bir Yer səthinin müşahidəsi peykimiz var”. Həmçinin dövlətimizin başçısı bildirib: “Biz bu sahəni Azərbaycanda daha da inkişaf etdirməyə davam edirik”.
Beləliklə, Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bir daha ölkəmizin nüfuzunun təzahüru olmaqla, Prezident İlham Əliyevin beynəlxalq miqyasda yüksək nüfuzunun və qlobal liderliyinin bariz nümunəsidir.