37 nömrəli Uşaq Musiqi Məktəbinin yubiley konserti keçirilib
İyunun 11-də Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində 37 nömrəli Uşaq Musiqi Məktəbinin 35 illik yubileyinə həsr olunmuş “Notlarla köklənmiş 35 il” adlı yubiley konserti keçirilib.
Tədbirdə YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, sədr müavini Salman Əbdülov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı İsmayıl Cəfərov, Bakı şəhər musiqi məktəblərinin direktorları və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları tərəfindən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
37 nömrəli Uşaq Musiqi Məktəbinin şagird və müəllim kollektivinin təqdimatında rəngarəng konsert proqramı nümayiş olunmuş, Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından “Müqəddimə”, T.Quliyevin “Zibeydə”, S.Axundovanın “Mehriban olaq”, “Azərbaycan ritmləri”, A.Lavinyakın “Marş - Qalop”, F.Şopenin “Ekspromt - fantaziya” və digər Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
Konsert proqramından sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov çıxış edərək 37 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivini 35 illik yubileyi münasibətilə təbrik etmiş, məktəbin müəllim – şagird kollektivinə gələcək fəaliyyətlərində uğurlar diləmişdir. Vüqar Seyidov eyni zamanda qarşıdan gələn “15 iyun – Milli Qurtuluş günü” münasibəti ilə çıxış edərək bildirmişdir ki, 15 iyun günü milli dövlətçilik tariximizdə mühüm önəm daşıyır. O, bildirmişdir ki, otuz üç il öncə gerçəkləşən bu tarixi gün mövcudluğunun ən qüdrətli dövrünü yaşayan müstəqil Azərbaycan Respublikasının bütün uğurlarının, əldə etdiyi nailiyyətlərin zəminidir. 1993-cü ilin ağrı-acılı iyun günlərində vətəndaş qarşıdurmasının, Azərbaycan dövlət müstəqilliyinin itirilməsinin və parçalanmasının qarşısının alınması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vüqar Seyidov qeyd etmişdir ki, Ümummilli Lİder Heydər Əliyev böyük qayıdışı ilə respublikamızı uçurumdan qurtardı, möhtərəm Prezidentimiz cənab İlham Əliyev isə bu ölkəni tarixinin ən qüdrətli dövlətinə çevirdi və hazırda Azərbaycan tarixin ən şərəfli günlərini yaşayır.
Daha sonra Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşı İsmayıl Cəfərov və 37 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Səadət Yusifova çıxış edərək tədbir iştirakçılarını təbrik etmiş, konsertdə ifa edən şagird və müəllimlərə öz təşəkkürlərini bildirmişlər.
Sonda 37 nömrəli Uşaq Musiqi Məktəbinin 35 illik yubileyi münasibətilə bir qrup müəllim heyəti YAP Suraxanı rayon təşkilatı və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən Fəxri Fərmanlarla təltif edilmişlər.