3 oktyabr 1993-cü il – Azərbaycan tarixinin taleyüklü günü

3 oktyabr 1993-cü il – Azərbaycan tarixinin taleyüklü günü

Arzu Hacı-zadə

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 1 saylı Birləşmiş Uşaq Xəstəxanasının baş həkiminin müavini

Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 3 oktyabr 1993-cü il tarixi ölkəmizin müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi və gələcək inkişafı baxımından mühüm dönüş nöqtəsi oldu. Məhz həmin gün Ümummilli Lider Heydər Əliyev ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.

1991-ci ildə dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan ağır və mürəkkəb bir dövr yaşayırdı. İqtisadi böhran, daxili siyasi çəkişmələr, vətəndaş müharibəsi təhlükəsi və Ermənistanın təcavüzü ölkəmizi parçalanma həddinə gətirib çıxarmışdı. Belə bir zamanda xalqın yeganə ümid yeri, xilaskarı məhz Heydər Əliyev oldu. Onun qətiyyətli iradəsi, zəngin dövlətçilik təcrübəsi və müdrik siyasəti sayəsində Azərbaycan dağılmaq təhlükəsindən xilas edildi.

3 oktyabr seçkiləri xalqın öz iradəsini ifadə edərək Heydər Əliyevi Prezident kürsüsünə gətirməsi ilə Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. O, qısa müddətdə ölkədə sabitliyi təmin etdi, dövlət idarəçiliyini möhkəmləndirdi və milli birliyi bərpa etdi. Ən əsası isə müstəqilliyimizin dönməzliyi təmin edildi.

Ulu Öndərin rəhbərliyi ilə qəbul olunan strateji qərarlar, həyata keçirilən siyasi və iqtisadi islahatlar Azərbaycanın gələcək inkişafının möhkəm bünövrəsini yaratdı. Heydər Əliyevin “Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir!” kəlamı bu gün də milli ideologiyamızın əsasını təşkil edir.

Bu gün müasir, güclü və dinamik inkişaf edən Azərbaycanın mövcudluğu məhz 3 oktyabr 1993-cü ildən başlayan xilaskarlıq missiyasının bəhrəsidir. Xalqımız Ulu Öndərin xidmətlərini heç vaxt unutmayacaq və hər zaman böyük ehtiramla yad edəcəkdir.