27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsi dönüş nöqtəsi oldu

27 sentyabr 2020-ci il tarixində başlayan Vətən Müharibəsi dönüş nöqtəsi oldu

Günel Fətəliyeva

YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri

Suraxanı rayonu, 232 nömrəli tam orta məktəbin direktoru

2020-ci il 27 sentyabr tarixində başlayan Vətən Müharibəsi Azərbaycan xalqının tarixində dönüş nöqtəsi oldu. 44 gün davam edən bu müharibə yalnız hərbi əməliyyat deyildi, həm də milli iradənin, birliyin vəgücün təcəssümü idi. Azərbaycan xalqı 30 il işğal altında qalan torpaqlarımızı azad etmək üçün ayağa qalxdı. Xalq-dövlət-ordu birliyi nəticəsində Azərbaycanın haqq səsi qalib gəldi.

Müharibənin gedişində Azərbaycan Ordusu peşəkarlığı, müasir texnologiyalardan səmərəli istifadə etməsi və yüksək döyüş ruhu ilə seçildi. Əsgərlərimiz düşmən mövqelərini bir-bir dağıdır, kənd və şəhərlərimizi azad edirdi. Hər qələbə xəbəri Azərbaycan xalqına güc verir, qəlblərdə qürur və ümid oyadırdı. Ordumuz işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli bayrağımızı dalğalandırmaqla böyük tarixi ədaləti bərpa etdi.

Xüsusilə 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin gedişində həlledici dönüş nöqtəsi oldu. Şuşa yalnız strateji mövqeyinə görə deyil, həm də Azərbaycan mədəniyyətinin beşiyi kimi böyük əhəmiyyət daşıyırdı. Şuşanın azad olunması Azərbaycan xalqının sarsılmaz iradəsinin və qəhrəman oğullarımızın rəşadətinin təntənəsi idi. Prezident cənab  İlham Əliyevin “Şuşasız bizim işimiz yarımçıq olar” sözləri xalqın arzusunu ifadə edirdi. Bu arzu gerçəkləşdi və 8 noyabr tarixi əbədi olaraq Zəfər Günü kimi tariximizə yazıldı. 

Vətən Müharibəsi həm də xalqımızın birliyinin bariz nümunəsi oldu. Ön cəbhədə əsgərlərimiz şücaət göstərərkən, arxa cəbhədə hər bir vətəndaş bu qələbəyə öz töhfəsini verdi. Könüllülər ordumuza yardım göstərir, insanlar maddi və mənəvi dəstəyini əsirgəmirdi. Xalqın bu həmrəyliyi göstərdi ki, Azərbaycan dövləti gücünü yalnız ordusundan deyil, həm də öz xalqının birliyindən alır.

44 gün davam edən müharibənin nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatla Ermənistan kapitulyasiya aktına imza atdı. Bu sənəd Azərbaycanın hərbi-siyasi qələbəsini təsdiqlədi və regionda yeni reallıq yaratdı. Azərbaycan bu qələbə ilə təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, həm də beynəlxalq hüququn norma və prinsiplərinin gücünü sübut etdi.

Vətən Müharibəsi yalnız bir hərbi qələbə deyil, həm də milli ruhun, qəhrəmanlığın və vətən sevgisinin qələbəsi idi. Bu gün işğaldan azad olunmuş torpaqlarda bərpa-quruculuq işləri aparılır, həyat yenidən qayıdır. Azərbaycan dövləti və xalqı bu torpaqlara yeni nəfəs gətirir. Şəhidlərimizin ruhu isə daim ehtiramla yad edilir, qazilərimiz fədakarlıqlarına görə uca tutulur.

Bu qələbə hər bir azərbaycanlının qəlbində qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı sübut etdi ki, haqq səsi heç vaxt boğula bilməz. Vətən uğrunda canından keçən igidlərin qanı yerdə qalmadı. Bu gün biz fəxrlə deyirik: “Qarabağ Azərbaycandır!”