25 noyabrda Kəlbəcər rayonu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilmişdir
Gülnar Məhərrəmova
YAP Suraxanı rayon təşkilatının faəl üzvü
Suraxanı rayonu, 315 nömrəli tam orta məktəbin direktor müavini
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Prezident İlham Əliyev Kəlbəcərin şəhər günü ilə də bağlı sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi siyasi yolla işğaldan azad olundu və Şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
1993-cü il aprelin 3-də Kəlbəcər Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir. 10 noyabr 2020-ci ildə imzalanan sülh müqaviləsinə əsasən 25 noyabrda Kəlbəcər rayonu Azərbaycan Silahlı Qüvvələrinə təhvil verilmişdir. Üçtərəfli razılaşmaya əsasən noyabrın 15-də Kəlbəcərdən çıxmalı olan düşmənə 10 gün vaxt verilməsi ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin siyasətində xüsusi bir mərhələni təşkil edir. O mərhələ ki, bu addımla Azərbaycan xalqının kimliyini bir daha dünyaya bəyan etdi.
Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasına başlanılmışdır.
Təqvimimizin yeni əlamətdar günləri-şəhər günləri yeni tariximizin qürur dolu səhifələridir. Bu səhifələri bizə bəxş edən dövlətimizin başçısına, milli ordumuzun zabit və əsgərlərinə, torpaqlarımız uğrunda canından keçən şəhidlərə və sağlamlığını itirən qazilərə minnətdarıq. Təqvimə salınan bu yeni günlər gələcək nəsillərin tariximizi dərindən öyrənməsi nöqteyi nəzərdən böyük əhəmiyyətə malikdir. Eyni zamanda yaşanan və yaşadılacaq tarixdir.