2022-ci il də Azərbaycan İdmanı üçün uğurlu il olmuşdur
Bəsti Nəsibova
YAP Suraxanı rayon təşkilatının üzvü
Suraxanı rayonu 281 nömrəli tam orta məktəbin direktor müavini
Ulu Öndər Heydər Əliyev bütün sahələrə diqqət və qayğı göstərdiyi kimi idman sahəsini də diqqət mərkəzində saxlamışdır. Ulu öndərin fikrincə: “ İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir. İnanıram ki idman, bədən tərbiyəsi Azərbaycanda getdikcə kütləvi xarakter alacaq.” Heydər Əliyevin Azərbaycanın dövlətlər arasında tanınması, çiçəklənməsi arzularını hörmətli Prezidentimiz İlham Əliyev doğrultmağa çalışdı.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərək bildirib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan İdmanı üçün uğurlu il olmuşdur. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar.
İdman da həyatımızın tərkib hissəsi olduğu üçün əlbəttə ki, ümumi tendensiya çərçivəsində inkişaf etmişdir. Bunu həm idmançılarımızın qələbələri göstərir, eyni zamanda, ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir.
İdmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanmışlar, onlardan 300-ə yaxını qızıl medaldır. Dünya Avropa Çempionatlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil etmişlər. Beynəlxalq yarışlar arasında xüsusilə 5-ci İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komanda hesabında 1-ci olmuşdur. Bu, tarixi qələbə idi və bu dəfə Türkiyənin Konya şəhərində 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşdür.
Nəsillər dəyişdikcə görkəmli idmançılarımızın təcrübəsi elə bil ki, gənc idmançılara təhvil verilir. Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi prosses olmalıdır. Gənc idmançıların hazırlanması mütəşəkkil qaydada təmin edilməlidir. Bölgələrdə keçirilmiş çoxsaylı tədbirlər gəncləri, uşaqları, yeniyetmələri idman bölmələrinə cəlb etmək üçün daha böyük imkanlar yaradacaq.
Ölkə Prezidenti Gənclər və İdman naziri qarşısında bölgələrdə idmanın canlanmasını və bir çox yarışlar keçirilməsini əsas vəzifələrdən biri kimi qarşıya qoydu. Bu siyasətin həm idman uğurlarımızı, eyni zamanda gənclər, yeniyetmələr, uşaqlıq yaşlarından idmana cəlb olunacaqlarını və bunun onların tərbiyəsi üçün çox böyük əhəmiyyəti olacağını qeyd etdi.
Prezident qeyd etdi ki, idman həm fiziki gücdür, həm də özündə fiziki güc hiss edən hər bir insan mənəvi cəhətdən də sağlam olur. Bzim görkəmli idmançılarımızın uğurları və nümunəsi bütün gənc idmançılar üçün örnək olmalıdır.
Möhtərəm Prezident İlham Əliyev bizim düzgün yolda olduğumuzu hesab edir. Çünki sağlam həyat tərzinin təbliğ edilməsi hər bir ölkə üçün önəmli olmalıdır. Sevindirici haldır ki, bu gün idmanla məşğul olmaq üçün bütün imkanlar var. Bölgələrdə 50-ə yaxın Olimpiya İdman Kompleksi yaradılmışdır. 2023 -ci il bir çox parametrlər üzrə həlledici il olacaqdır. Ona görə də bizim bütün idman ictimaiyyətimiz, nazirlik, Milli Olimpiya Komitəsi, federasiyalar, klublar, idman cəmiyyətləri əsas istiqaməti bunda görməlidir ki, Azərbaycan Yay Olimpiya Oyunlarında da öz gücünü təsdiqləsin.
Azad edilmiş ərazilərdə keçən il bir neçə Beynəlxalq idman yarışı keçirilmişdir. Bunun çox böyük əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır. Bildiyimiz kimi, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq. Və o bölgələrdə beynəlxaq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var. Şuşada Beynəlxalq Şahmat yarışı, Suqovuşanda Suqovuşan gölündə Beynəlxalq Avarçəkmə yarışı, Zəngilanın Ağalı kəndinin ətrafında treatlon üzrə yarış keçirilmişdir.