20 Yanvar xalqımızın iradəsinin zəfəridir

20 Yanvar xalqımızın iradəsinin zəfəridir

Vaqif Qurbanov

YAP Suraxanı rayon təşkilatının fəal üzvü, hərbi ekspert

20 Yanvar xalqımızın matəmlə bərabər, azadlıq və müstəqillik uğrunda  qəhrəmanlıq salnaməsidir. O gün küçədəki şəhidlərimizin üzərinə qoyulmuş qərənfillər belə sanki, yas tutaraq acizanə halda boyunlarını bükmüşdülər. 20 Yanvar tariximizə “Qanlı Yanvar” olaraq qara hərflərlə yazılan  şərəf, qəhrəmanlıq və hüznlə dolu olan tarixdir. Bu tarix xalqımızın  doğma vətəninə və azadlığına nə qədər  bağlı olduğunun sübutudur.

1990-cı ilin həmin günü baş verən hadisələrin mərkəzində həmişə  olduğu kimi yenə də “Böyük Ermənistan” xülyası ilə yaşayan Ermənistan rəhbərliyi dururdu. Belə ki, SSRİ  Mərkəzi Komitəsindəki himayədarlarına arxalanan Ermənistan rəhbərliyi 1988-ci  ildən etibarən öz çirkin niyyətlərini həyata keçirmək üçün Azərbaycan dövlətinə qarşı ərazi iddiaları irəli sürməyə başladı. Əfsuslar olsun ki, SSRİ-nin ermənipərəst mövqe tutan rəhbərliyi Ermənistanın separatçı rejiminin özbaşınalığına göz yumur və yaxud da  görməzlikdən gəlirdi. Bu da ermənilərin ərazilərini qonşu dövlətlərin ərazisi hesabına böyüdərək “Böyük Ermənistan” xəyallarını gerçəkləşdirməsinə zəmin yaradırdı. Sanki, dünyada hegemon dövlət sayılan SSRİ ermənilərin əlində bir oyuncağa çevrilmiş idi.

Bu fürsətdən istifadə edən Ermənistan rəhbərliyi 1988 – ci ildə “Dağlıq Qarabağın” Ermənistana birləşdirilməsi barədə qərar verdi. Bu qərar xalqımız tərəfindən  hiddətlə qarşılandı. Çünki, bu qərarla Azərbaycanın ərazi bütövlüyü pozulmuş olurdu. Nəticədə SSRİ rəhbərliyi tərəfindən sovet məkanında yaşayan xalqlar arasında münaqişə ocaqları yaratmaqla onların azadlıq və müstəqillik arzularını puça çıxarmaq asan idi.

Hiddətlənən xalq meydanlara axışaraq ermənilərin özbaşınalıqlarına  son qoyulması üçün mitinqlər keçirməyə başladılar. Bütün hallarda ermənilər yaranmış vəziyyətdən öz xeyirlərinə istifadə etməyi bacarırdılar. Belə ki, onlar bilirdilər ki, Azərbaycanın rəhbərliyi vəziyyətdən çıxmaq üçün mütləq sovet qoşunlarını ölkəyə dəvət edəcəklər  və bununla da onlar öz istəklərinə qismən də olsa çatmış olacaqlardı. Belə də oldu. Mitinqlərin getdikcə ölkənin bütün bölgələrinə yayılaraq geniş vüsət alması rəhbərlikdə hakimiyyətin devriləcəyi qorxusuna səbəb olmuşdur.

 Azərbaycanın o dövrdəki rəhbərliyi hakimiyyəti saxlamaq naminə,  xalqın azadlıq və müstəqillik arzusunu boğmaq  üçün ölkəyə sovet qoşunlarını dəvət etdilər. 19 yanvar 1990 – cı il Azadlıq  meydanında izdihamlı mitinq var idi. Sovet hakimiyyətinin devrilməsindən qorxuya düşən sovet hökuməti tərəfindən 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya 26 min nəfərlik bir ordu yeridildi. Televiziya bloklarının partladılması və telefon xətlərinin kəsilməsi nəticəsində şəhərin dünya ilə əlaqəsi kəsilmişdi. Bu sonradan xalqımızın yaddaşından heç silinməyəcək ağrılı-acılı bir qətliamın xəbərçisi idi. Sovet ordusu qarşısına çıxan silahsız insanları amansızcasına güllələyərək qətlə yetirirdi. Yaralıları təxliyə etmək üçün gələn Təcili Tibbi Yardım maşınlarına belə atəş açırdılar. Çünki onların qarşısına çıxacaq heç bir qüvvə yox idi. Ov tüfənklərini belə xalqdan toplamışdılar.

Hadisələrin lap əvvəlindən sovet rəhbərliyinin ermənilərin tərəfini tutacağı bəlli idi. Buna baxmayaraq dəvət olunan sovet qoşunları sanki ölkədə asayişi bərpa etməyə deyil, qəddarcasına qətliam törədərək xalqın gözlərində olan azadlıq qığılcımını söndürməyə gəlmişdilər. Ancaq kommunist rejiminin aldığı tədbirlər və törətdiyi qətliamlar SSRİ – nin dağılmasının qarşısını ala bilmədi, əksinə daha da  bu prosesin sürətlənməsinə səbəb oldu.

Otuz üç il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır. Bakıdakı 20 Yanvar hadisələrindən sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn ümummilli lider Heydər Əliyev keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləyib, əliyalın xalqa qarşı törədilən terroru hüquqa, demokratiyaya, insanlığa zidd aksiya adlandırıb. Hələ sovet imperiyasının mövcud olduğu bir dövrdə Ulu Öndərin bu cür bəyanatla çıxış etməsi bir daha sübut etdi ki, siyasətdə böyük addımları ancaq dahi şəxsiyyətlər atırlar.

Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək demişdir ki,     20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa da, nə qədər ağır itkidirsə də, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır.

Şəhidlərimiz bizim yaşayan taiximiz, xalqımızın qürur mənbəyi, onların məzarları isə bizim vətənə sədaqət andını içdiyimiz müqəddəs yerdir. 20 Yanvar xalqımızın iradə zəfəridir və bu zəfər dünya azərbaycanlılarının təşkilatlanmasına səbəb olmuş böyük hadisədir.