Qarabağ bölgəsində antiterror tədbirləri uğurla nəticələndi

Qarabağ bölgəsində antiterror tədbirləri uğurla nəticələndi
Arzu Məmmədova
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, 226 nömrəli tam orta məktəbin direktoru
Son aylarda Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqeləri müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulmuş, ərazilərimizin minalanması isə davam etdirilmişdir. Eyni zamanda ermənilərin döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilmiş, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilmiş, səfərbərlik üzrə əlavə bölmələrin yaradılmış, Azərbaycanın Milli Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətləri genişləndirilmişdir. Sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olmuşdur.
Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır. Erməni təxribatlarının 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olması səbəbindən Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün də ciddi təhlükə törətmişdi.
Beləliklə, üçtərəfli bəyanatın müddəalarının təmin olunmamasına görə Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması üçün Azərbaycan Ordusu antiterror tədbirlərinə başlamışdır. Antiterror tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri, atəş nöqtələri, hərbi təyinatlı obyektləri sıradan çıxarılmışdır. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tarix yazan Müzəffər Azərbaycan Ordusu düşməni susdurmuşdur.
Əsasən, mülki əhali və infrastruktur obyektlər isə hədəfə alınmamışdır. Azərbaycanın Müdafiə Nazirliyi ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırmış, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə səsgücləndirici texniki vasitələrlə xəbərdarlıq edilmişdir.
Xalqımız Vətən müharibəsində olduğu kimi, bu dəfə də Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək, Azərbaycanın ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini bəyan etmişlər. Hazırda, erməni təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycanın Qarabağ bölgəsində keçirilən lokal xarakterli antiterror tədbirlərini dayandırılmışdır. Ölkəmiz Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələri ilə Yevlaxda görüşə hazır olduğunu bildirib.