Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsini nəzərdə tutulmur, bu, həm də beynəlxalq əhəmiyyətli tranzit marşrutdur

Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsini nəzərdə tutulmur, bu, həm də beynəlxalq əhəmiyyətli tranzit marşrutdur

Araz Balaoğlanov

YAP Suraxanı rayon təşkilatının üzvü

Suraxanı rayonu, 84 nömrəli tam orta məktəbin təşkilatçısı

19 iyul 2025-ci il tarixində Xankəndidə yerləşən Zəfər Meydanındakı Konqres Mərkəzində—III Şuşa Qlobal Media Forumu keçirildi. Forumda 50-dən çox ölkədən 150-dən artıq media nümayəndəsi, ekspert və dövlət rəsmisi iştirak etdi. Prezident İlham Əliyev tədbirin açılışında çıxış edərək Azərbaycanın beynəlxalq informasiya siyasəti, regionda baş verən proseslər və medianın dəyişən funksiyası haqqında əhatəli fikir mübadiləsi apardı.

III Şuşa Qlobal Media Forumu təkcə informasiya məkanında rəqəmsallaşma, süni intellektin medianın inkişafına təsiri və ya qlobal informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi ilə bağlı fikir mübadilələrinin aparıldığı bir toplantı deyildi. Bu forum, əslində, Prezident İlham Əliyevin çıxışı vasitəsilə Azərbaycanın gələcək iqtisadi inkişaf yol xəritəsinin intellektual əsaslarla dünyaya təqdim olunduğu strateji bir platforma kimi çıxış etdi. Həmin nitq, Azərbaycanın bu gün hansı regional və beynəlxalq mövqeləri tutmaq istədiyini və gələcəkdə necə bir qlobal rol hədəflədiyini açıq və sistemli şəkildə ortaya qoydu.

 Prezident İlham Əliyev çıxışında Qarabağ bölgəsində aparılan bərpa və yenidənqurma işlərinin miqyasına diqqət çəkdi. O, Şuşanın və Xankəndinin artıq yeni sima qazandığını, bu prosesin ölkə üçün strateji əhəmiyyət daşıdığını vurğuladı. Qarabağın dirçəlişi yalnız tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın iqtisadi və mədəni potensialının genişləndirilməsi baxımından mühüm addımdır. Qısa müddətdə bərpa olunan yollar, elektrik xətləri, su və qaz infrastrukturunun regionun sosial-iqtisadi inkişafına yeni nəfəs gətirdiyi qeyd edildi.

 Ölkə başçısı bildirdi ki, Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsinin Naxçıvanla birləşdirilməsi üçün nəzərdə tutulmur, bu, həm də beynəlxalq əhəmiyyətli tranzit marşrutudur. Son illər ölkəmiz nəqliyyat və logistika infrastrukturuna milyardlarla dollar sərmayə yatırıb, Xəzərdə böyük ticarət limanı tikilib və genişləndirilir, Türkiyə ilə birləşdirən dəmir yolu çəkilib.Azərbaycanın tranzit imkanları genişlənir, rəqəmsallaşma və gömrük sadələşməsi prosesi aparılır. Bu addımlar geosiyasi dəyişikliklər fonunda ölkəmizin nəqliyyat rolunu daha da gücləndirir.

Prezident vurğuladı ki, “Zəngəzur dəhlizinin ilkin yükdaşıma potensialı 15 milyon ton səviyyəsində qiymətləndirilir. Azərbaycan tərəfi öz hissəsinin tikintisini demək olar ki, tamamlayıb və bu yolun gələn ilin yazında istifadəyə verilməsi planlaşdırılır.Bu dəhliz, eyni zamanda, Şimal-Cənub nəqliyyat xəttinin alternativ marşrutunu yaradacaq və Azərbaycanı Naxçıvan üzərindən İran və Körfəz ölkələri ilə birləşdirəcək. Bu isə regionda yük daşımalarının həcminin əhəmiyyətli dərəcədə artmasına şərait yaradacaq.Sülh sazişinin mətninin hazırlanması Azərbaycanın təşəbbüsü idi. Bilirsiniz, sülh müqaviləsinin mətni artıq razılaşdırılıb. Yeri gəlmişkən, prosesin əvvəlinə qayıtdıqda onu qeyd etməliyəm ki, məhz Azərbaycan sülh prosesinin təşəbbüskarı olmuşdur. İkinci Qarabağ müharibəsi bitdikdən sonra Minsk qrupunun üçlüyü hələ də çalışırdı, Bakıya səfər edirdi. Mən o zaman gördüm ki, onlar nə edəcəklərini bilmirlər və onlar mənə sual verəndə dedim ki, biz Ermənistanla sülh sazişi üzərində işləməliyik. O zaman müharibə bitmişdi və bir boşluq var idi. Mən təklif etdim ki, bir proses başlansın. Ona görə də biz sülh sazişinin mətnini hazırladıq və onu Ermənistana göndərdik. Onların müxtəlif şərtləri var idi və iki il ərzində heç bir irəliləyiş yox idi.”

Başlıca səbəb o idi ki, Ermənistan tərəfi həmin sülh sazişinin mətninə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini daxil etmək istəyirdi. Biz onlara dedik ki, baxın, birincisi, “Dağlıq Qarabağ” sizin təxəyyülünüzdə mövcuddur, bu, reallıqda mövcud deyil. Bu, Azərbaycanın bir parçasıdır və sülh müqaviləsinin mətninə daxili siyasətimizə aid olan bir məsələ daxil edilə bilməz. Bu müzakirə iki il sürdü və heç bir irəliləyiş olmadı. Bu əraziləri sentyabrda biz azad edəndən sonra, yalnız o zaman Ermənistan artıq bunun üzərində israr etmədi, çünki artıq bu mövzu bağlı idi. Yəni, nəyin üzərində israr edəcəksiniz? Yəni, demək olar ki, 2024-cü ilin yanvarında real danışıqlar başlanıldı və bizim hazırladığımız layihənin mətni üzərində iş getdi və o mətn razılaşdırıldı.

 Cənab Prezident  jurnalistlərin suallarını cavablandırarkən qeyd etdi ki, Azərbaycan “Yaşıl Keçid Proqramı”nı həyata keçirsə də, enerji təhlükəsizliyini təmin etmək üçün neft və qazın hələ də vacib rol oynadığını anlayır. COP29-da Azərbaycanın sədrliyi Qlobal Şimal və Qlobal Cənub arasında körpü rolu oynadı və konstruktiv mühit yaradaraq irəliləyişə nail oldu. Ən mühüm nəticələrdən biri, illərlə razılaşdırıla bilməyən karbon bazarlarına dair 6-cı maddə üzrə razılığın əldə olunması oldu. Digər əsas uğur, iqlim dəyişikliyi ilə mübarizə üçün vəsaitlərin 100 milyard dollardan 300 milyard dollara qədər artırılması idi. Prezident qeyd etdi ki, bu addımlar Azərbaycanın təşəbbüsləri sayəsində mümkün olub və bu təşəbbüslərə əksər ölkələr dəstək verib. Gələcək üçün isə əsas sual, xüsusilə ABŞ Administrasiyasının mövqeyi fonunda, bu prosesin necə davam edəcəyidir. Prezident vurğuladı ki, ABŞ-ın rolu iqlim məsələlərinin həllində həlledicidir və dünya COP30-un nəticələrini ümidlə gözləyir.

Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumundakı çıxışı, Azərbaycanın beynəlxalq informasiya siyasətində qətiyyətli və prinsipial mövqeyini bir daha nümayiş etdirdi. Forum informasiya təhlükəsizliyi, sülh diplomatiyası, texnoloji çağırışlar və regional inkişafla bağlı mühüm mesajların verildiyi qlobal platformaya çevrildi.