Arzu Aslanova
Suraxanı rayonu, Zığ bələdiyyəsinin sədri
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
28 May – Azərbaycan xalqının yaddaşında həkk olunmuş, qürurla anılan belə günlərdən biridir. Bu tarix sadəcə təqvimdəki bir rəqəm
deyil, azadlıq və müstəqillik ruhunun doğulduğu gündür. 1918-ci ilin 28 mayı... Tiflisin bir otağında qəlbdən gələn səs yüksəlir: “Azərbaycan müstəqildir!” Bu sözlərlə doğulur Azərbaycan Xalq Cümhuriyyəti – Şərqin ilk demokratik respublikası. Hələ silah səsi kəsilməyib, hələ yollar palçıq içində, amma ümidlər göylərə ucalıb.
28 May tarixi Azərbaycan xalqı üçün xüsusi əhəmiyyətə malikdir. 1918-ci il məhz bu gündə, Şərqdə və müsəlman dünyasında ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı. Bu tarixi hadisə, Azərbaycan xalqının azadlıq və müstəqillik arzularının rəmzinə çevrildi. Tiflisdə qəbul edilən İstiqlal Bəyannaməsinə əsasən, Azərbaycan xalqının suverenliyi tanındı və müstəqil dövlət quruldu. Cümhuriyyət cəmi 23 ay yaşadı. Amma bu qısa ömürdə bir ömürlük iz qoydu. Parlament quruldu, qadınlara səsvermə hüququ verildi, məktəblər açıldı, maarifə yol salındı.
1920-ci ilin aprelində sovet qoşunlarının Azərbaycana daxil olması ilə Cümhuriyyət süqut etdi. Lakin onun ideyaları xalqın yaddaşında yaşadı və 1991-ci ildə Azərbaycan yenidən öz müstəqilliyini bərpa edərkən, AXC-nin varisi olduğunu bəyan etdi. 1990-cı ildən başlayaraq, 28 May günü Respublika Günü kimi qeyd olunmağa başlandı. 15 oktyabr 2021-ci ildən Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü olmuşdur.
Nəticə olaraq, 28 May sadəcə bir tarix deyil, milli kimliyimizin, azadlıq əzminin və demokratik dəyərlərə bağlılığımızın simvoludur. Bu gün hər bir azərbaycanlı üçün qürur və fəxarət günüdür. İndi hər il 28 mayda küçələrdə bayraqlar dalğalanır. Uşaqlar sevinc içində, böyüklər qürurla bu günü yad edir. Çünki bu gün azadlığın, istiqlalın, xalqın iradəsinin təntənəsidir.