Elşən Atakişizadə
YAP Suraxanı rayon təşkilatının fəal üzvü
Suraxanı Rayon Gənclər və İdman İdarəsinin rəis müavini
Bu bəyanatın imzalanması ilə Azərbaycanın gələcəkdə əldə edəcəyi nailiyyətlərin də əsası qoyulmuş oldu.
10 noyabr tarixi 44 günlük Vətən müharibəsinin zəfərlə taclandığı gündür. Bu tarixdə imzalanan bəyanatla Azərbaycan 30 illik işğala son qoymuş oldu. Ölkəmiz qalib ölkə, ordumuz qalib ordu, xalqımız qalib xalq ünvanını qazandı.
Düşmənin 30 ildə tikib qurduğu istehkamları, “məğlubedilməz” ordusunu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuz cəmi 44 günə darmadağın etdi və işğalçı erməni dövləti üçün kapitulyasiya aktı sayılan 10 noyabr bəyanatı imzalandı. Bu bəyanatla Azərbaycan ərazi bütövlüyünü bərpa etmiş oldu və istər döyüş meydanında, istərsə də danışıqlar masası arxasında istədiyini əldə edərək tarixi zəfər qazandı. Ordumuzun müharibə üsulunu dünya ölkələri məhz 44 günlük savaşdan sonra öyrənməyə başladılar.
10 noyabrda imzalanmış bəyanata əsasən reallaşacaq kommunikasiya layihələri vasitəsilə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşməsi tarixi hadisə olcaqdır. Reallaşacaq bu dəhliz Azərbaycanın beynəlxalq aləmdəki rolunu daha da artırcaqdır.
Həmçinin, bu bəyanatın imzalanması ilə Azərbaycanın gələcəkdə əldə edəcəyi nailiyyətlərin də əsası qoyulmuş oldu. Qarabağda aparılan sürətli quruculuq işləri, Füzuli, Zəngilan aeroportlarının qısa müddət ərzində tikilib istifadəyə verilməsi, 15 iyun 2021-ci il tarixində Türkiyə Respublikası ilə imzalanmış Şuşa Bəyannaməsi bu nailiyyətlərin sadəcə bir qismidir və 10 noyabr bəyanatını diz çökərək imzalayan Ermənistan dövləti aldığı dərslərdən ağıllı nəticələr çıxarmalı, Azərbaycanın təhlükəsizliyinə qarşı atılacaq istənilən addımın qarşısının Ali Baş Komandanımız , ordumuz tərəfindən qətiyyətlə alınacağını bilməli və dövlət olaraq varlığını sürdürəbilməsinin Azərbaycanla sülh imzalamasından asılı olduğunu unutmamalıdır.