10 Noyabr Bəyannaməsi Azərbaycan xalqının maraqlarını, arzu və istəklərini özündə əks etdirən sənəddir

10 Noyabr Bəyannaməsi  Azərbaycan xalqının maraqlarını, arzu və istəklərini özündə əks etdirən sənəddir

Solmaz Səfərova

YAP Suraxanı rayon təşkilatının fəal üzvü

Suraxanı rayonu 280 saylı Körpələr Evi, Uşaq Bağçasının müdiri

Vətənpərvərlik, müqəddəs amal uğrunda milli birlik, xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətdir. Bu keyfiyyət xalqımızın həyatında həmişə başlıca meyar və xarakter kimi formalaşıb. 2020-ci il 10 noyabrda Qarabağda hərbi əməliyyatın bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalandı.

Azərbaycanın böyük zəfəri, Ermənistanın kapitulyasiyası ilə yekunlaşan 44 günlük Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə baş verən proseslər bu deyilənləri bir daha təsdiqlədi. Xalqımızın tarixin bu sınağından alnıaçıq və üzüağ, zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz vətənə sonsuz sevgi hissi idi. Vətənə, torpağa bu bağlılığın təcəssümü idi ki, İkinci Qarabağ müharibəsində Ulu Öndər Heydər Əliyevin Ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi-siyası rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu işğal olunmuş torpaqlarımızı düşməndən təmizləyərək Azərbaycanın ərazi bütövlüyünü təmin etməyi bacardı.


Vətən müharibəsi günlərində xalqımız üçün səciyyəvi olan ən mühüm cəhətlərdən biri də milli birlik və həmrəyliyin sarsılmazlığı faktoru idi. Hansı ki, bütün dünya Azərbaycan xalqının bu birliyinə heyran qalmışdı. Təsadüfi deyildi ki, İkinci Qarabağ savaşında minlərlə gənc erməni işğalçılarına qarşı mübarizə aparmaq üçün könüllü müraciət edərək cəbhəyə yollanmaq istəklərini ortaya qoydular. Arxa cəbhədə olanlar həmrəylik göstərərək öz əməlləri ilə ön cəbhədə vuruşanlara əllərindən gələn köməyi əsirgəmədilər, hər cür maddi və mənəvi dəstək verməyə hazır olduqlarını göstərdilər, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyalar da milli birlik nümayiş etdirdilər. Bütün bunlar bir daha onu göstərdi ki, siyasi, dini, sosial mövqeyindən asılı olmayaraq,

10 Noyabr bəyannaməsi Vətənin ümumi maraqlarını, Azərbaycan xalqının birliyi hər bir vətəndaş üçün bütün arzu və istəklərini özündə əks etdirən sənəddir. Bu günlər Azərbaycan xalqı öz əzmi ilə bütün dünyaya, sözün həqiqi mənasında, birlik və həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirdi. Biz birlikdə güclüyük! Qələbəmizin qazanılmasında birliyimizin rolu misilsizdir.

Azərbaycan gəncliyi haqq səsimizi dünyaya çatdırmaq üçün yorulmadan, ardıcıl surətdə bir çox kampaniyalar aparır, erməni terrorunu, vandalizmini dünya ictimaiyyətinə çatdırmağa çalışırdı. Azərbaycan xalqı humanist, sülhsevər xalqdır. Biz hər zaman torpaqlarımızın sülh yolu ilə azad edilməsinin tərəfdarı olmuşuq. Neçə illərdən bəri Azərbaycan Prezidenti, Ali Baş Komandan çıxış və müsahibələrində açıq-aydın mesajlar verirdi ki, sülh danışıqları heç bir nəticə verməsə, biz öz torpaqlarımızı nəyin bahasına olur-olsun işğaldan azad edəcəyik. Təəssüf ki, həmsədr ölkələr öz fəaliyyətləri dövründə "hüquq" və "ədalət" ifadələrini sadəcə sözdə dilə gətirməklə kifayətləndilər. Ötən 28 il ərzində dəfələrlə müşahidə olundu ki, beynəlxalq hüququn və ədalətin bərqərar olunması həmsədr ölkələr üçün elə də önəmli deyil. Lakin imzalanan 10 Noyabr Bəyannaməsi ilə biz ədaləti bərqərar etdik.

Nəhayət, düşmən təxribatlarının qarşısını almaq məqsədi ilə başlanan hərbi əməliyyatlar və 44 günlük Vətən müharibəsinin nəticəsində Azərbaycan Ordusunun gücü və əzmi imkan verdi ki, torpaqlarımız işğaldan azad olunsun və status-kvo kökündən dəyişsin. Biz bu möhtəşəm qələbəyə igid şəhidlərimizin, qəhrəman qazilərimizin canı və qanı bahasına nail olduq. 

Şanlı tarix yazan bu qəhrəmanlarımız yeni nəslin vətənpər ruhda yetişməsində böyük rol oynayacaqlar. Bu gün qarşılaşdığımız mənzərə həqiqətən də qürurvericidir. İllərdir, xəyallarını qurduğumuz an gerçəkləşib, otuz illik həsrət artıq sona çatıb, Azərbaycan xalqı öz doğma torpaqlarına qovuşub. Bu möhtəşəm günləri bizə yaşadan hər kəsə, ilk növbədə Ali Baş Komandanın rəhbərliyi altında möcüzələri reallığa çevirən şanlı Azərbaycan Ordusuna eşq olsun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!


[