03 oktyabr 1993-cü il Azərbaycanın müasir tarixinə silinməz izlərlə həkk olunub

03 oktyabr 1993-cü il Azərbaycanın müasir tarixinə silinməz izlərlə həkk olunub
Cəmilə Ağayeva
YAP Suraxanı rayon təşkilatının ƏPT-nin sədri
Suraxanı rayonu, Əmircan Bələdiyyəsinin sədr müavini

Bu tarix müstəqil dövlətçiliyimizin intibah günü, xoşbəxt və işıqlı gələcəyimizə doğru yol göstərən müqəddəs bir mayak oldu. Məhz həmin gün Azərbaycan öz ləyaqətli oğlunu yenidən bağrına basdı. Ulu Öndər Heydər Əliyev müstəqil respublikanın Prezidenti seçildi.

Yaxın tariximizə nəzər saldıqda aydın görünür ki, dövlətin və millətin taleyini həll edən bütün strateji qərarlar məhz bu dahi şəxsiyyətin idarəçiliyi dövründə qəbul edilmişdir. Ümummilli Liderin ali hakimiyyətə qayıdışı ilə Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlətin sarsılmaz təməlləri qoyuldu. Müstəqil dövlətin Əsas Qanununu – yeni Konstitusiyanı dahi rəhbər özü qələmə aldı, Yeni Azərbaycan Partiyasının ideoloji əsaslarını və mükəmməl nizamnaməsini şəxsən tərtib etdi. Onun dövlət başçısı kimi atdığı hər bir addım xalqımızın gələcək taleyində müstəsna əhəmiyyət kəsb etdi.

20 sentyabr 1994-cü ildə dünyanın nəhəng dövlətləri ilə imzalanan “Əsrin Müqaviləsi” Azərbaycanın qüdrətli iqtisadiyyatının ilk müjdəçisinə çevrildi. Neft diyarı kimi tanınan ölkəmiz uzaqgörən enerji strategiyası sayəsində, əslində, özünün real iqtisadi suverenliyini təmin etdi. İllər sonra bu siyasi kursu gərgin əmək, sarsılmaz iradə və strateji uzaqgörənliklə davam etdirən Ulu Öndərin siyasi varisinin rəhbərliyi altında Azərbaycan öz qüdrətini daha da möhkəmləndirdi. Nəticədə, 20 sentyabr 2023-cü il tariximizə Dövlət Suverenliyimizin tam bərpa olunduğu şanlı zəfər günü kimi yazıldı.

Heydər Əliyev yalnız böyük bir siyasətçi deyil, həm də dərin zəkaya, bənzərsiz oratorluq məharətinə və fundamental biliyə malik dahi bir şəxsiyyət idi. O, istər daxili, istərsə də beynəlxalq arenada Azərbaycanı hər zaman ən uca kürsülərdə, layiqli şəkildə təmsil etdi. Ümummilli Liderin peşəkar idarəçilik məktəbinin özünəməxsus prinsipləri var idi; dövlətin mənafeləri naminə onun iş saatı zaman çərçivəsinə sığmırdı. O, gecənin ən gec saatlarında belə dövlət əhəmiyyətli iclaslar keçirir, taleyüklü qərarlara imza atırdı.

Xatirələr vərəqləndikcə 1994-cü ilin oktyabr hadisələri yenidən canlanır. O dövrdə qanuni hakimiyyətə və dövlətçiliyə qarşı yönəlmiş qeyri-qanuni silahlı qruplaşmaların cəhdləri ölkəni vətəndaş müharibəsi astanasına gətirmişdi. Oktyabrın 4-də Ulu Öndər televiziya vasitəsilə xalqa müraciət edərək hər kəsi dövlətçiliyin müdafiəsinə çağırdı. Həmin gecə xalq-iqtidar birliyinin ən möhtəşəm dastanı yazıldı. Dahi rəhbərin bir çağırışı ilə yüz minlərlə insan – qucağında körpəsi olan analardan tutmuş, ahıl qocalara qədər hər kəs Prezident Sarayının önünə axışdı. Xalq öz Liderini, Lider isə öz dövlətini qorudu.

Ümummilli Liderin Vətən və millət qarşısındakı misilsiz xidmətlərini ifadə etməyə sözlər yetməz. O, bütün ömrünü doğma xalqının firavanlığına bəxş etdi, hər zaman Azərbaycanın haqq səsinin dünyaya yayılan əks-sədasına çevrildi.

Bu gün bizim yolumuz, əqidəmiz və amalımız Heydər yoludur! Bu yolun layiqli davamçısı, tarixi zəfərlərimizin memarı və Ulu Öndər məktəbinin ən böyük yetirməsi Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevdir! İllər, fəsillər ötəcək, tarixin səhifələri yenilənəcək, lakin Azərbaycanın XX və XXI əsr tarixində Heydər Əliyevin silinməz izi və sönməz nuru hər zaman parlayacaq. Onun zamanında dediyi dahi kəlam bu gün reallığa çevrilmişdir: “Azərbaycan dünyaya günəş kimi doğacaq!” Ulu Öndərin əziz xatirəsi və ideyaları isə bizi elə bu günəş kimi isitməyə davam edəcək...

 

Paylaş